Azərbaycan Respublikasının Prezidenti  Zati-aliləri cənab İlham Əliyevə məktub

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktub

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Alban-udi xristian dini icması adından və öz adımdan bizim ictimai fəaliyyətimizi yüksək qiymətləndirərək məni Azərbaycanın yüksək dövlət mükafatı olan “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin və səmimi minnətdarlığımı bildirirəm. Bu yüksək dövlət mükafatı öz tarixi vətənində və onun sərhədlərindən kənarda yaşayan bütün udilərə Azərbaycanda böyük hörmət və qayğının ifadəsidir.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, onun azərbaycanclılıq fəlsəfəsi, hazırda isə bu alternativsiz siyasi xəttin Sizin çoxşaxəli dövləti fəaliyyətinizlə uğurla davam etdirilməsi sayəsində ölkəmiz dini və etnik qruplar arasında birlik və etimadın, sülh və əmin-amanlığın, tolerantlıq və multikulturalizmin, ictimai-siyasi stabilliyin bərqərar olduğu gözəl bir məkana, xalqlar dostluğu qalasına çevrilmişdir. Bu gün Azərbaycanda mövcud olan demokratik-hüquqi şəraitə, insan hüquqlarının təminatına, milli azlıqlara göstərilən diqqət və qayğıya görə hökumətimizə, şəxsən, cənab Prezident, Sizə minnətdarıq. Biz Azərbaycan vətəndaşı olmağımızdan qürur hissi duyur və işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasını özümüzün birinci vətəndaşlıq borcumuz hesab edirik.

Azərbaycan Respublikası udilərin tarixinin, etnoqrafiyasının, etnik-mədəni dəyərlərinin qorunub saxlandığı, öyrənildiyi, dil və mədəniyyətinin, adət-ənənələrinin inkişaf etdirildiyi, məbədlərin, kilsələrin və digər tarixi abidələrin bərpa olunduğu yeganə ölkədir. Udilərin kompakt yaşadıqları Qəbələ rayonunun Nic qəsəbəsinə hər il dünyanın hər yerindən təkcə  udilər deyil, həm də çoxsaylı qonaqlar, ictimai-siyasi xadimlər, alimlər,  mütəxəssislər və jurnalistlər gəlir və bütün bunların canlı şahidi olurlar. Azərbaycanın ən qədim etnoslarından olan udilərin sosial-iqtisadi, mənəvi və mədəni inkişafına hərtərəfli yardım, kömək və dəstək Azərbaycanda tolerantlığın və zəngin  multikultural ənənənin  parlaq nümunəsidir. Qafqaz Albaniyasının tarixi-mədəni irsinin mənəvi varislərindən biri kimi, Alban-udi xristian dini icması hazırda bu irsin yenidən canlandırılması, Alban apostol  müstəqil kilsəsinə qarşı yüzillər boyu bədnam qonşular tərəfindən aparılmış ekspansiya siyasətinin və tarixi saxtakarlıqların ifşası istiqamətində əzmlə çalışmaqdadır.

Bir daha Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirir, çətin və şərəfli  fəaliyyətinizdə daima uğurlar arzu edirəm. İnanıram ki, günü-gündən çiçəklənən və tərəqqi edən Azərbaycan dövləti və Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə hələ neçə-neçə tarixi uğurlara imza atacaqdır. Bu şərəfli yolda Tanrı yardımçınız olsun!

Dərin hörmətlə, Robert  Mobili                                                                               

Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının sədri