ATƏT-in İnsan Ölçüsü üzrə növbəti illik sessiyası çərçivəsində Azərbaycanın Alban-Udi Xristian dini icmasının tədbiri keçirilib

ATƏT-in İnsan Ölçüsü üzrə növbəti illik sessiyası çərçivəsində Azərbaycanın Alban-Udi Xristian dini icmasının tədbiri keçirilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Varşavada keçirilən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş növbəti illik sessiyası çərçivəsində sentyabrın 24-də Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması tərəfindən “Udilərin dini etiqad məsələsi: Azərbaycan timsalında” mövzusunda əlavə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili slaydlar vasitəsilə iştirakçılara Qafqaz Albaniyasının xristianlıq dövrünün maddi-mədəni irsi barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycanda xristianlıq hələ İsa Məsihin həvariləri dövründə yayılmağa başlayıb, I əsrdə Şəkinin Kiş kəndində Qafqazın ən qədim kilsəsinin əsası qoyulub. Xristianlığın dövlət dini səviyyəsinə qaldırıldığı ilk dövlətlərdən birinin məhz Qafqaz Albaniyası olduğu iştirakçıların diqqətinə çatdırılıb.

R.Mobili vurğulayıb ki, erməni qriqorian kilsəsi əsrlərboyu Alban Həvari Kilsəsinə qısqanclıqla yanaşıb, dövrün hegemon dövlətlərinin vasitəsilə bu kilsəyə qarşı məkrli fəaliyyət göstərib. Nəticədə çar Rusiyası dövründə, yəni 1836-cı ildə Alban Həvari Kilsəsi ləğv edilib, onun dini təsisatları erməni kilsəsinin tabeçiliyinə verilib. İcma sədri qeyd edib ki, Azərbaycan xalqı müstəqilliyini yenidən qazandıqdan sonra udilər öz dini ənənələrini bərpa edib, bu sahədə dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunublar.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək Azərbaycan dövlətinin multikulturalizm siyasəti çərçivəsində ölkədə yaşayan bütün etnik və dini azlıqlara, o cümlədən udilərə öz adət-ənənələrinin, mədəni xüsusiyyətlərinin qorunması və inkişafı sahəsində hər cür şəraitin yaradıldığını qeyd edib. O, dövlətin göstərdiyi diqqət və qayğıya nümunə kimi udilərin ölkəmizdə kompakt şəkildə yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsini göstərib. Şöbə müdiri dövlət dəstəyi ilə qəsəbədə yeni məktəb binalarının tikildiyini, burada ibtidai siniflərdə udi dilinin tədris olunduğunu, həmin məqsədlə müvafiq dərsliklərin hazırlandığını vurğulayıb.

E.Nəcəfov udilərin dini etiqad azadlığının təminatı sahəsində həyata keçirilən tədbirlərdən də bəhs edib. O, alban kilsələrinin təmir-bərpa olunduğunu, Qəbələ və Oğuz rayonlarında Alban-Udi Xristian dini icmalarının dövlət qeydiyyatına alındığını, həmin icmalara dövlət tərəfindən maliyyə yardımının ayrıldığını, 2013-cü ildə Alban-Udi kilsəsinin dirçəlişinin 10 illiyinə və Qafqaz Albaniyasında xristianlığın rəsmi din kimi qəbul edilməsinin 1700 illiyinə həsr olunmuş bayram tədbirinin keçirildiyini qeyd edib.

Çıxışın yekununda E.Nəcəfov Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində erməni şovinistləri tərəfindən xalqımızın tarixi, maddi-mədəni irsinin məhv edildiyini bildirib, onların alban xristian irsini mənimsəmək məqsədilə tarixi saxtakarlığa yol verdiklərini, o cümlədən Qafqaz Albaniyası dövründən qalan daş kitabələr üzərindəki alban dilində olan yazıları ermənicə yazılarla əvəz etmələri haqqında faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

https://azertag.az/xeber/ATAT_in_Insan_Olchusu_uzre_novbeti_illik_sessiyasi_cherchivesinde_Azerbaycanin_Alban_Udi_Xristian_dini_icmasinin_tedbiri_kechirilib-1334635?fbclid=IwAR0x4NL7h-lHRdBn5BX33OGHDUpQu4F_FdSTbLkk-NXj2MVGf9P7IE78T10