Qarabağın alban kilsələrini Eçmiədzin işğalçılarından azad edəcəyik! — Xristianlar Nic kəndində dua edir

Azərbaycanın ən qədim xristian xalqlarından olan udilər, ölkəmizin digər xalqları kimi Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edir. Müharibədə Azərbaycanın tamhüquqlu vətəndaşları kimi iştirak edən udilərin həm də dini motivləri var, onlar həm də bu səbəbdən müharibəni azadlıq müharibəsi hesab edir. Bu, tarixi Qafqaz Albaniyasında xristian irsi, xüsusilə də Ermənistan işğalçıları və Eçmiədzin din adamları tərəfindən erməniləşdirilmiş kilsələr barədə həqiqəti qoruyub saxlamaqdır.

Trend-in məlumatına görə, bu barədə “Baku Network”un direktoru Elxan Ələsgərova Qəbələnin Nic kəndində yaşayan udi icmasının nümayəndələri danışıb:

“Biz, xristian udilər həmvətənlərimizlə yanaşı vətən müharibəsi aparırıq. Xaricdə bəzi şəxslər yanlış olaraq deyir ki, bu, müsəlmanların xristianlara qarşı müharibəsidir. Bu, belə deyil. Azərbaycanda dinc şəraitdə yaşayan müxtəlif dinlərin nümayəndələri öz Vətənləri uğrunda, erməni işğalını bitirmək üçün döyüşür”.

Udi icmasının daha bir üzvü deyib: “Mənim iki oğlum var, ikisi də orduda xidmət edir, işğal olunmuş ərazilərimizi erməni işğalından azad edir. Böyük oğlum aprel döyüşlərində də iştirak etmişdi”.

Onun sözlərinə görə, Nic kəndindən 100-dən çox udi Azərbaycan Silahlı Qüvvələrinə qoşulub və hazırda cəbhədədir:

“Bu, yüksək göstəricidir. Milli tərkibə görə ən yüksək göstəricilərdən biri udilərdir. Qarabağ bizim üçün doğma torpaqdır. Buranın qəlbimizdə xüsusi yeri var. Orada zəngin xristian irsimiz var. Qarabağın 5 məlikindən biri udi olub ki, bu da xalqımız üçün qürur mənbəyidir”.

Nic kəndinin udiləri ermənilərin mədəniyyəti və inancı necə ələ keçirdiklərini və erməniləşdirdikləri barədə danışıb:

“Təkcə irsi yox, həm də əhalinin bir hissəsini erməniləşdiriblər. Udilərin əsas hissəsi erməni kilsəsinin dominantlığı ilə erməniləşib. Faktiki olaraq icmamız parça-parça olunması üçün ermənilərə verilib. Nic kəndinin udiləri erməni kilsəsindən imtina edərək qaldılar və burada öz mədəniyyət və inanclarını qoruyub saxladılar”.

https://az.trend.az/azerbaijan/karabakh/3329213.html




Copyright © | 2020 Албано-Удинская Христианская Община Азербайджана