Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib

 

Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib.

Trend xəbər verir ki, noyabrın 7-də Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpadan sonra açılışı olub.

Azərbaycan Alban-udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı müsahibəsində bildirib ki, Nic qəsəbəsində Müqəddəs Məryəm Ana Alban kilsəsinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması və icmaya təhvil verilməsi tarixi hadisədir. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir. “Azərbaycan bu gün işğal altındakı torpaqlarını düşməndən azad etmək üçün Vətən müharibəsi aparmasına, həmçinin pandemiyanın yayıldığı bir dövr olmasına baxmayaraq, ölkəmizdəki kilsələr, o cümlədən alban kilsəsi bərpa olunur. Bu isə Azərbaycanda multikultralizmin hansı səviyyədə olduğunun bir göstəricisidir. Azərbaycan bir çox xalqların nümayəndələrinin mehriban şəkildə birgə yaşaması baxımından dünyaya bir örnəkdir”.

Robert Mobili qeyd edib ki, fərqli millətlər bu diyarda mehriban və bigə yaşayırlar. “Biz bu gün həm də düşmənə qarşı birləşmişik. Cəbhədə olan əsgərlərin arasında Azərbaycanda yaşayan azsaylı millətlərin də nümayəndələri var. Çünki bu diyar hamımızın Vətənidir. Bizim dualarımız əsgərlərimizlədir. Azərbaycan öz torpaqlarının bərpası uğrunda müharibə aparır. Amma düşmən özgə torpağında döyüşür və ölür”, — deyə o qeyd edib.

Azərbaycan Alban-udi xristian dini icmasının sədri erməni din xadimlərinin cəbhədə döyüşmələrinə də münasibət bildirərək deyib: “Düşmən tərəfindən yayılan görüntülərdən də görürük ki, erməni din xadimləri əllərinə silah alıb bizə qarşı vuruşurlar. Kilsədə erməni din xadimlərinə xeyir-dualar verilib döyüşə göndərilməsi səhnəsini görəndə dəhşətə gəldim. Məgər xristian dinində belə yanaşma, yəni insanları müharibəyə çağırış var? Həm İslamda, həm də İudizimdə belə şey yoxdur. O cümlədən xristianlıqda. Xristian dinində qadağalardan birində deyilir ki, öldürmə! Amma biz erməni din xadimlərindən bunun əksini görürük. Digər tərəfdən, gəlin Azərbaycan həqiqətlərinə baxaq: burada fərqli xalqların, fərqli mədəniyyətlərin nümayəndələri bir yerdə mehriban şəkildə yaşayırlar. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Ermənilər isə işğal altındakı torpaqlarda alban kilsələrini saxlataşdıraraq erməniləşdiriblər. Biz bu gün görürük ki, Qarabağa köçüb gələn ermənilər alban məbədləri ilə yanaşı, İslam məbədlərini, abidələri, tarixi yerləri silir, memarlıq üslubunu dəyişdirir və saxtalaşdırırlar. Amma Azərbaycanda bu dini məbədlər bərpa olunur”.

Robert Mobili icma adından Müqəddəs Məryəm Ana Alban kilsəsinin bərpasına görə Heydər Əliyev Fonduna, onun rəhbərliyinə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristianlıq, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və ibadət evləri olan kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlardan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır.

Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.

 

 

https://az.trend.az/azerbaijan/culture/3330982.html




Copyright © | 2020 Албано-Удинская Христианская Община Азербайджана