Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini icmasının sədri Robert Mobili ilə müsahibə


13 октября 2020 | Интервью

«İnşallah Qarabağı tamamən işğaldan azad edəndən sonra biz abidələri bərpa edərkən nə qədər saxtalaşdırmalarla qarşılaşacağıq və beynəlxalq ictimaiyyətə də nümayiş etdirəcəyik ki, bütün bu abidələr tarixən Azərbaycana məxsus olub» — R.Mobili

«Alban Apostol kilsəsinin bərpası üçün də sıravi Azərbaycan vətəndaşlarından tutmuş, qeyri-hökumət təşkilatları, Qafqaz Müsəlmanları İdarəsi və digər qurumlara qədər hər biri öz növbəsində dəstəyini əsirgəməyib. Əsasən də Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər il bizə maliyyə yardımı ayrılır»

— Salam, Robert müəllim. Mövzumuz saxtalaşdırılan, dağıntılara məruz qalan Alban kilsələri haqqındadır. Azərbaycan dövləti Alban Apostol kilsəsinin bərpası üçün nə işlər görüb? Bu istiqamətdə dövlət qayğısından razısınızmı? Xahiş edirəm, qısaca məlumat verərdiniz.

— Alban Apostol Avtokefal kilsəsi qədimdən Azərbaycanda müstəqil fəaliyyət göstərən bir kilsə olub. Çar Rusiyası Qafqazı işğal etdikdən sonra bu kilsə birbaşa erməni kilsəsinin tabeçiliyinə bağlanılıb. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Alban Apostol kilsəsinin bərpası üçün orada olan xristian icmalar və udilərə əlverişli şərait yaranıb. Udilər Alban kilsəsinin dini varisləridir və bu gün də xristianlığı qoruyub saxlayırlar.

Alban Apostol qədim Şərq kilsəsidir. Bu kilsə Qüdslə, İsraillə bağlıdır. Apostol kilsəsi nə deməkdir? — Birbaşa apostol Vorfolomeylə bağlıdır. Bəs müstəqil avtokefallıq nə deməkdir? — Bunların dini rəhbərləri xeyir duanı birbaşa özləri verirdilər. Amma başdakı avtokefal müstəqil olurdu. Bunun timsalında həm Qafqaz Albaniyası müstəqil güclü bir dövlət olurdu, həm də onun daxilində olan Alban kilsəsi müstəqil kilsə olaraq fəaliyyət göstərirdi. 313-cü ildə Alban çarı Urnayr xristianlığı dövlət dini kimi qəbul edir. Və bundan sonra bu mədəni irsin əsası qoyulur, Azərbaycanın bütün regionlarında — Şimalda, o cümlədən Qəbələdə, Zaqatalada IV, V və VI əsrə aid alban kilsələri mövcud olmağa başlayır.

Qarabağ ərazisində, işğal olunmuş ərazilərdə Laçın, Kəlbəcər və Qubadlıda qədim alban kilsələri var ki, onlar bu günə kimi qalıblar. Bir tərəfdən ermənilər işğalla bağlı abidələri məhv edirlər. Digər tərəfdən də alban kilsələrini saxtalaşdırıb erməni kilsələrinə uyğun memarioloji olaraq xristian elementləri ilə dəyişdirirlər. Güclü proses gedir. Qarabağ işğal olunsa da, biz bu məsələyə tarixlə baxmalıyıq. Ermənilər həmişə tarixi rədd edirlər. Qədim kilsələrin tarixi var.

Apostol kilsəsinin bərpası ilə bağlı dövlət qayğısı barədə onu deyə bilərəm ki, dini icmaların hər zaman sərbəst fəaliyyət göstərmələrində Azərbaycan xalqının dəstəyini hiss etmişik. Azərbaycanda olan mühit, Azərbaycan xalqının tolerantlığı özü böyük dəstəkdir. Alban Apostol kilsəsinin bərpası üçün də sıravi Azərbaycan vətəndaşlarından tutmuş, qeyri-hökumət təşkilatları, Qafqaz Müsəlmanları İdarəsi və digər qurumlara qədər hər biri öz növbəsində dəstəyini əsirgəməyib. Əsasən də Azərbaycan Respublikasının Prezidenti tərəfindən hər il bizə maliyyə yardımı ayrılır. Bunun hesabına da biz fəaliyyətimizi gücləndirib, bərpa prosesində iştirak etməklə beynəlxalq konfranslar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırırıq. Azərbaycanın sahib çıxmağa çalışdığı həmin mədəni irsin, xristian irsinin Azərbaycanda bu gün dirçəliş prosesidir. Çünki Qafqaz Albaniyasının varisi Azərbaycandır və Alban kilsəsində olan udilər də dini varislərinə xidmət göstərirlər.

«Mən Azərbaycanın mövqeyini müdafiə edərək Alban kilsəsinin alban xristian elementləri və onun irsinin tarixi haqqında danışaraq bu dağıntıların, abidənin daş-qalaq edilməsinin yalnızca ermənilərə məxsus bir hərəkət olmasından danışmışam»

«Qarabağ yeganə yerdir ki, Ermənistanın həmsərhəd olduğu ölkələr — İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Şimalda Rusiya — bunların hər biri polietnik və polikonfessial ölkədir. Yeganə Ermənistandır ki, monoetnik, monokonfessial ölkədir. Çünki onların tələbi var ki, orada olan xalqlar erməni olsunlar və erməni kilsələrinə tabe olsunlar. Ermənilərin qeyri-xalqları sıxışdırmağı bir gündə baş verməyib, hətta xristianları da sıxışdırıblar, son 30 ildə də azərbaycanlıları sıxışdırmağa başladılar»

«Ermənilər tək Alban kilsələrini saxtalaşdırmayıblar, İslamla bağlı olan bütün abidələri məhv ediblər ki, bu bir aksiomadır»

— Siz bayaq Alban Apostol kilsəsi haqqında danışarkən qeyd etdiniz ki, Qarabağ abidələri dağıdılır. Ümumiyyətcə, tarixən ermənilər Qarabağda maddi-mədəniyyət abidələrini, alban kilsələrini ya erməniləşdirirlər ya da tamamilə məhv edirlər. Əvəzində isə dünyaya car çəkirlər ki, azərbaycanlılar xristian abidələrini dağıdırlar. Həqiqətin dünyaya çatdırılması istiqamətində hansı işləri görmüsünüz?

— 170-180 ildir ki, bizi mədəni irsdən uzaqlaşdırıblar, ögeyləşdiriblər. 20-25 ildir udi icması Azərbaycanda dəstəyi hiss edir, balaca bir icmayıq təkbaşına heçnə edə bilmərik, tarixiliyi var, qədimliyi var bu icmanın. Alban kilsəsi bu gün də bərpa olunur və ermənilərə böyük bir zərbədir ki, bu kilsə müstəqil kilsə olaraq qalır. Apostol kilsəsi çərçivəsində bu gün Azərbaycanda — Şəkidə Qafqazın ən qədim kilsəsi olan Kiş məbədi bərpa olunur və onun bərpasında icma da fəal iştirak edib.

Alban Apostol kilsəsinin bərpası ermənilərə ən böyük zərbə olar. Ona dini rəhbər təyin olunmalıdır və həmin rəhbər sabah onu müdafiə etməlidir. Məsələn Türkiyədə Konstantinopol kilsəsinin rəhbəri o ərazinin və mədəni irsin sahibidir. Onun müdaxiləsi sayəsində oraya nə suriyalılar, nə ermənilər, nə gürcülər, nə də yunanlar gedə bilirlər. Azərbaycanda bu boşluğu doldurmaq üçün düşünürəm ki, Alban Apostol kilsəsi olmalıdır, onun rəhbəri olmalıdır. Nə gürcü, nə erməni, nə də rus kilsəsinə aid olmalıdır. Bu nə provaslav, nə də katolik kilsəsidir. Onun öz qədimliyi və öz tarixi var.

Dövlət tərəfindən təşkil olunan və sərbəst olaraq öz təşəbbüsümüzlə qatıldığımız xaricdəki bütün tədbirlərdə, bu mövzuda keçirilən bütün beynəlxalq forumlarda  mədəni irsin dini varisləri kimi çıxış etmişik, zəngin irsin Azərbaycana aid olması haqqında, hətta UNESCO-nun sessiyasındakı iclasda mən çıxış etmişəm. Mən Azərbaycanın mövqeyini müdafiə edərək Alban kilsəsinin alban xristian elementləri və onun irsinin tarixi haqqında danışaraq bu dağıntıların, abidənin daş-qalaq edilməsinin yalnızca ermənilərə məxsus bir hərəkət olmasından danışmışam. Bu yeni deyil, 200 ilə yaxın bir prosesdir ki, hələ də davam edir. Ermənilər Qarabağda yerləşən kimi, ermənilər çoxluq təşkil edən kimi xristian albanlarını faktiki olaraq erməniləşdirdilər, Qarabağdakı udiləri erməniləşdirdilər. Bəziləri özlərini müdafiə edib Gürcüstana qaçdılar. Oğuzda və Nicdə yaşayan udilər özlərini müdafiə etmək üçün xristianlıqdan və öz doğma kilsələrindən imtina edib ibadətlərini özləri etməyə başladılar. Bu çox böyük prosesdir. Qarabağ yeganə yerdir ki, Ermənistanın həmsərhəd olduğu ölkələr — İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Şimalda Rusiya — bunların hər biri polietnik və polikonfessial ölkədir. Yeganə Ermənistandır ki, monoetnik, monokonfessial ölkədir. Çünki onların tələbi var ki, orada olan xalqlar erməni olsunlar və erməni kilsələrinə tabe olsunlar. Ermənilərin qeyri-xalqları sıxışdırmağı bir gündə baş verməyib, hətta xristianları da sıxışdırıblar, son 30 ildə də azərbaycanlıları sıxışdırmağa başladılar.

Onlar faktiki oradakı kəndləri erməniləşdirdilər, bu onların siyasətidir. Bir tərəfdən ermənilər orada oturmaqla mədəni irsin sahibi olublar, digər tərəfdən də islamı o ərazilərdən uzaqlaşdırıblar, ögeyləşdiriblər. Ermənilərin yaratdığı ictimai rəy də bizə böyük zərbədir. İctimai rəyin formalaşması üçün o mühiti Çar Rusiyası imperiyası buradakı maraqlarına görə yaratmışdı, ermənilərə Ermənistan yaratmaq üçün imkan versinlər. Bu gün də onların böyük Ermənistan yaratmaq kimi bir xülyası var.

Bizə maraqlı olan odur ki, dünyada qəbul olunmuş Alban Apostol kilsəsinin, onun irsinin ermənilərə heç bir bağlılığı yoxdur. Ermənilər sayca Dağlıq Qarabağda çoxluq təşkil edəndən sonra əhalini sıxışdırmağa başlayaraq abidələri erməniləşdiriblər. Lövhələri dəyişdiriblər, kilsənin memarlıq quruluşunu dəyişdiriblər, alban kilsəsinin alt-qat hissəsi 70-71 sm-dirsə, onu 1.20 sm-ə qədər hündürləşdirirlər və gələn ziyarətçilərə bunu fakt olaraq göstərib erməni kilsəsi olması barədə fikirlərini əsaslandırırlar. Sonra həmin kilsələri bərpa edərkən görürük ki, həmin kilsəni 50-60 sm yuxarı qaldırıblar. Əsas üstündə olan elementləri dəyişdirirlər. Məsələn bütün Şərq kilsələrində xaç elementləri fərqlidir, onu dəyişirlər, istər ibadət məsələsi olsun, istər linqvistikası olsun, alt bildiri olsun. Memarlıq üslubunu, üstündəki elementləri, xaçı dəyişdirirlər. Sözsüz ki, ibadəti də qədim alban dilində yox, erməni dilində edirlər, buna isə alban kilsəsinin üzvləri şahid olublar. Nə qədər saxtalaşdırsalar da, daşda olan yaddaşı silmək mümkün deyil, sabah biz bu abidələrə dünya miqyasında baxsaq görəcəyik ki, daşda nə informasiyalar olub, hansı bağlayıcı elementlər olub. O tarixi silmək mümkün deyil, həm də ona görə ki, onun yaşı fərqlidi, memarlıq üslubu fərqlidir və bayaq qeyd etdiyimiz elementlər. Ermənilər tək Alban kilsələrini saxtalaşdırmayıblar, islamla bağlı olan bütün abidələri məhv ediblər ki, bu bir aksiomadır.

Bərpa prosesini həyata keçirmək üçün bizə böyük vaxt lazımdır. Bərpa prosesində Azərbaycanın bizə dəstəyi var və bu dəstək sayəsində biz bu kilsənin dini bərpasına, kilsənin statusunun bərpa olunmasına nail olacağıq.

— Siz qeyd etdiyiniz bu saxtalaşdırma elementləri ilə bağlı faktları erməni saytlarından da oxuyuruq. Onlar daş üzərində həkk etdikləri saxta çizgilərlə bizə məxsus abidələrin ermənilərə aid olması ilə əlaqədar fikirlər irəli sürürlər. Bəs alban irsinin təbliğatı ilə bağlı xristian dünyası nə düşünür? Çünki xristianların da bu işdə mənəvi haqları var.

— Onlar bu gün Şərqin Apostol kilsələrini bərpa etməyə hazırdırlar. Onlarla keçirilən görüşlər zamanı bu rəsmi dəstəyi biz hiss etmişik. Bildiyimiz kimi, kilsənin öz qanunları var və bu qanunlara tam riayət edə bilmək üçün bizə vaxt lazımdır. Əvvəlcə dini rəhbər yetişməlidir ki, sabah onun həmin kilsənin sahibi olması üçün xeyir-duası alınsın. Kilsənin öz qanunları olmalıdır. Ruhani olmaq üçün biz şərq mədəni irsini bilməliyik, Şərq mədəni irsinin qanunlarını bilməliyik.

İnşallah Qarabağı tamamən işğaldan azad edəndən sonra biz abidələri bərpa edərkən nə qədər saxtalaşdırmalarla qarşılaşacağıq və beynəlxalq ictimaiyyətə də nümayiş etdirəcəyik ki, bütün bu abidələr tarixən Azərbaycana məxsus olub.

Mən onu deyə bilərəm ki, Şərq kilsələri bizə xeyir-dua verməyə hazırdırlar, bizi dəstəkləyirlər. Çünki onlar bilirlər ki, bu tarixdir. Siz dediyiniz kimi də, bizə İslam dünyası qədər xristian dünyası da dəstək olmalıdır. Bu mədəni irsi o qədər saxtalaşdırıblar ki, onu onlardan qoparmaq çətindir. Amma bütün bunlara baxmayaraq bu gün güclü Azərbaycan dövləti var, mədəni irsini bərpa etmək üçün ölkənin geniş imkanları var. Kilsəni bərpa edəcəyik amma kilsə qanunlarına riayət edərək xeyir-dua almaq üçün addım-addım bunu həyata keçirməliyik.

Rus Provaslav kilsəsi və Katolik kilsəsindən bizə dəstək var. Hazırda əsas məqsədimiz Azərbaycan ərazisində mövcud olan IV, VI və VIII əsrlərə məxsus kilsələri bərpa etməkdir. Bu kilsələr çox qədimdir, bu kilsə birbaşa Qüdslə bağlıdır. Apostol kilsəsidir. Bu kilsənin öz tarixi var, qanunları və əlifbası var. Bu kilsənin liturgiyası, dini ibadətləri və bibliyasının olması göstərir ki, Qafqaz Albaniyası ölkəsi tarixən mövcud olubdur.

«Əgər tarixçilər ekosistem anlayışında Keşikçidağ məbədini araşdırsalar görərlər ki, qədimdən bu alban kilsəsi olub. Bu istiqamətdə araşdırma aparmaq üçün də biz memar,  dini rəhbər, petroqlif və digər mütəxəssislərlə birgə çalışmalıyıq»

— Keşikçidağ məbədi ilə bağlı sizə bir sual ünvanlamaq istərdim. Keşikçidağ məbədinin alban məbədi olmasına dair tarixi sübutlar varmı? Onlar Gürcüstan tərəfinə və ölkə ictimaiyyətinə təqdim olunubmu?

— Keşikçidağ məbədi ilə bağlı gürcü alimlərlə siyasi məsələlərdən uzaq olmaq şərtilə bir görüş təşkil etmişdik. Əsasən onu qeyd edim ki, Keşikçidağ məbədinə elmi-innovativ yanaşılmalıdır. Buraya dini rəhbər, tarixçi, coğrafiyaçı və geoloq cəlb olunmalıdır.

Olduqca qapalı bir yer olan Keşikçidağ məbədi sərhəd zolağı boyunca yerləşir, fərqli ekosistemə malikdir. Azərbaycana məxsus olan məbəddə sonralar gürcülər Provaslav kilsəsinə uyğun elementlərlə bu kilsəni dəyişdirmişlər. Bu kilsələrin tarixi süryanilərlə bağlıdır. Qeyd etdiyimiz kilsə xristian dini rəhbərlərinin dini yaymaq məqsədilə tikdirdiyi kilsələrdəndir. Əgər tarixçilər ekosistem anlayışında Keşikçidağ məbədini araşdırsalar görərlər ki, qədimdən bu alban kilsəsi olub. Bu istiqamətdə araşdırma aparmaq üçün də biz memar, dini rəhbər, petroqlif və digər mütəxəssislərlə birgə çalışmalıyıq.

Mən həm də bir geoloq kimi o vaxt daşın xüsusiyyətlərindən, daşın hansı yataqdan  gəlməsindən danışaraq bu məbədin qədimdən hara aid olması barədə öz fikirlərimi əsaslandırmışdım. Biz gürcülərlə birgə layihələrdə iştirak edib ekoloji və geoloji mühitə əsas diqqətimizi ayırmalıyıq.

«Malvin şəhərinin mərkəzi Qəbələ ilə bizim Qəbələ arasındakı əlaqəni tapdıq»

— Biz bunu anladıq ki, bu mövzuya elmlərin qovşağında, multidissiplinar şəkildə yanaşılmalıdır. Siz bayaq süryani kilsəsinin arxivlərində çalışdığınızı qeyd etdiniz. Bu zaman hansı tarixi faktlarla qarşılaşmısınız?

— Süryanilər qədim tarixi Qafqaz Albaniyası xristianlarının dövründə də olublar.

Mən Malvində süryani kilsəsində arxivlərdə çalışarkən maraqlı faktlarla qarşılaşmışdım. Əvvəllər onlara Qəbələ, Bərdə maraqlı deyildisə, indi onlar maraqlanırlar. Qəbələ alban kilsəsinin dövründə iqamətgah olub sonra Bərdəyə köçüb. Malvin şəhərinin mərkəzi Qəbələdir və gediş-gəliş üçün əlverişli yer olub. bizimkilər dini rəhbər olanda gedib orada qalıblar. O Qəbələ ilə bizim Qəbələ arasındakı əlaqəni tapdıq. Xristianlığı hansı rəhbərlər gəlib yayıblar. Bununla bağlı tarixi sənədlər tapmışdıq.

— Bir kilsənin leqal fəaliyyətə başlaması üçün hansı kilsələr onu tanımalıdır?

— Bizim kilsənin tanınması üçün heç olmasa iki işlək kilsənin rizası olmalıdır. Provaslav və katolik deyil, əsasən Şərq kilsələri bizi dəstəkləməlidir. Süryani kilsəsi, Efiop kilsəsi, Yerusəlim kilsələrinin dəstəyi mütləqdir. Yerusəlim və Süryani kilsələri mütləq dəstək olmalıdır.

«Varfolomey Apostol Qafqaz Albaniyasında xristianlığı yayıb, Varfolomey ermənilər üçün yox, albanlar üçün təbliğat aparıb din yayıb. Əsas fakt odur ki, bu mədəni irsi azərbaycanlılar qəbul edir»

— Bu gün albanşünaslığın təbliği istiqamətində hansı işlər görülür?

— Çar Rusiyasının vaxtında alban kilsələri ümumiyyətlə öyrənilməyib, yalnızca etno mədəniyyətlər öyrənilib. Sovet vaxtında bunu Qafqaz Albaniyasında alban tayfaları ilə bağlayıblar, digər bir səhv edərək alban mədəni irsini türklərlə əlaqələndirirlər. Azərbaycanda irandilli xalqlar da olub, türkdilli xalqlar da. Qafqazdilli xalqlardan imtina etmək isə mümkün deyil, bu tarixdir. Götürək udiləri, məsələn bizdə elə linqvistik elementlər var ki, qədim türk elementlərinə bənzəyir.

Varfolomey Apostolla bağlı bir faktı deyim ki, o, Qafqaz Albaniyasında xristianlığı yayıb, Varfolomey ermənilər üçün yox, albanlar üçün təbliğat aparıb din yayıb. Əsas fakt odur ki, bu mədəni irsi azərbaycanlılar qəbul edir. Əvvəl bizim məbədə turistlər axın edirdisə, indi azərbaycanlıların böyük diqqəti var və bu doğmalığa görə biz çox təşəkkür edirik!

Müsahibəni hazırladı

Gülnar HACIYEVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin müdir müavini

http://science.gov.az/news/open/14580

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2024