Qəbələdə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş «Azərbaycan –Tolerantlığa nümunə ölkə» mövzusunda dəyirmi masa-konfrans keçirilib


11 ноября 2014 | Новости
IMG_2646876876
Noyabr ayının 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş «Azərbaycan – tolerantlığa nümunə ölkə» mövzusunda dəyirmi masa-konfrans keçirilib.  Konfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısının müavini Abil Ağasəfov iştirak ediblər.
 Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Daha sonra qonaqlar Qəbələ şəhər Cümə və Yeni şəhər məscidlərini ziyarət edərək, dindarlarla görüşüblər. Görüş zamanı DQİDK sədri Mübariz Qurbanlı məscidlərə Komitə adından hədiyyələr təqdim edib.
 Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olub. O, qeyd edib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir.
 Komitə sədri dövlətin din sahəsinə qayğısından, Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətlərindən söz açaraq, ölkə Prezidenti İlham Əliyevin bu  istiqamətdə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıb.
 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov «Tolerantlıq ünvanı — Azərbaycan» mövzusunda məruzə ilə çıxış edərək, ölkəmizdə tolerantlığın tarixi, yaranma səbəbləri və bugünkü vəziyyəti barədə dolğun məlumat verib. Gündüz İsmayılov bildirib ki, hər bir Azərbaycan vətəndaşı üçün tolerantlıq təkcə hüquqi vəzifə deyil, həm də mənəvi tələbatdır.
 Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, Azərbaycan tolerantlıq sahəsində bütün dünyaya nümunədir: “Bu da dövlət başçısının məqsədyönlü siyasətinin nəticəsidir. Ölkəmizdə tolerantlıq həm də dövlət siyasəti kimi həyata keçirilir. Biz həmişə mənəvi-əxlaqi dəyərlərimizlə öyünmüşük. Bu keyfiyyətləri qoruyub saxlamaq, dövlətçiliyimizi qoruyub saxlamaq deməkdir. Müstəqil dövlətimiz bizim ilahi qismətimizdir. Ona görə də, indiki və gələcək nəsillər ona hədəflənməlidir ki, ən böyük sərvətimiz olan müstəqilliyimiz qorunsun. Bizim bundan böyük nailiyyətimiz və sərvətimiz yoxdur».
 Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov da ölkədə dini dözümlülük ənənələrinin qorunub saxlanmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışıb. O, qeyd edib ki, bu istiqamətdə aparılan siyasətə ölkədə ictimai-siyasi sabitliyin tərkib hissəsi kimi yanaşmaq lazımdır.
 QMİ-nin bölgə qazısı Ceyhun Rüstəmov İslamın digər dinlərə tolerant münasibətindən, bölgənin tolerantlıq ənənələrindən danışıb. O, qeyd edib ki, ölkəmizdə nümunəvi tolerantlıq mühitinin formalaşmasında İslam dininin xüsusi rolu olub.
 Azərbaycan Respublikası Alban-Udi xristian icmasının sədri Robert Mobili çıxış edərək bildirib ki, Azərbaycanda tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qruplara, o cümlədən udilərə öz varlığını qoruyub saxlamağa əlverişli mühit yaradıb. Bu gün də Azərbaycan dövləti Udi icmasının fəaliyyətinə qayğı ilə yanaşır. 2003-cü ildə Nic kəndindəki, 2010-cu ildə isə Oğuzdakı Alban-Udi xristian icması qeydiyyatdan keçib: «Əlbəttə, xalqın kimliyini sübut edən amillərdən biri də onun əsrlər boyu yaratdığı maddi mədəniyyətidir. Milli geyim, mətbəx, müxtəlif mərasimlər, yaşayış tərzi və s. hər bir xalqı fərqləndirən xüsusiyyətlərdir».
 Qax rayonu Müqəddəs Georgi dini icmasının nümayəndəsi Nanuli Kulaşvili, Oğuz yəhudi icmasının nümayəndəsi Rasim Mikayılov və İsmayıllı rayon İvanovka kəndi Molokan icmasının nümayəndəsi Qriqoriy Smirnov çıxış edərək Azərbaycandakı teolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıblar.
 Bununla da regional dəyirmi masa-konfrans öz işini yekunlaşdırıb.

IMG_9246

 

IMG_9262

http://www.scwra.gov.az/vnews/387/

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2024