Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb, Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov çıxış edərək, Ulu Öndər tərəfindən əsası qoyulan multikulturalizm siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin cəmiyyətimizdəki sarsılmaz həmrəyliyin təməli olduğunu bildirdi.
Alban-udi xristian icmasının sədri Robert Mobili Azərbaycandakı dini və milli müxtəlifliyin dövlət tərəfindən yüksək səviyyədə qorunmasından bəhs etdi. O, Alban-udi icmasının öz adət-ənənələrini ölkəmizdə azad şəkildə yaşatmasının tolerant mühitin bariz nümunəsi olduğunu vurğuladı.
Çıxış edən digər qonaqlar Azərbaycanın dünyaya nümunə olan tolerantlıq modelinin gənc nəslə aşılanmasının vacibliyini qeyd etdilər.
Tədbirin sonunda partiya fəaliyyətində fəallığı ilə seçilən bir qrup üzvə Fəxri Fərmanlar təqdim olundu.










