Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili də “Bakı-Xəbər”ə müsahibəsində “Müqəddəs Sərkis” kilsəsi ilə bağlı maraqlı faktlar açdı. R.Mobilinin sözlərinə görə, erməni Qriqoryan kilsəsi tərəfindən Alban kilsəsinin sonuncu katolikosu, mitropolit Serqi Qanzasar (Serqi Qanzasarski) 1828-ci ildə öldürülüb, sonra isə ermənilər Sergi Qanzasarın əsl adını gizlədərək onu` “Sərkis” adı ilə təqdim edilib. “Birincisi, Hadrutun bütün kilsələrində olmuşam, amma sözügedən kilsədə olmamışam. Bilirsiz ki, hələ mina problemi tam olaraq həll eidlməyib və bu bir təhlükə olaraq qalır. Ermənilərin yazdığı yalanlarla bağlı informasiyalar məndə var. Ermənilərin iddia etdikləri məsələ yoxdur. O kilsələri Azərbaycan konservasiya edir, bərpa edir. Düzdür, bərpa prosesi böyük vaxt tələb edir. Azərbaycanda kilsənin dağıdılması iddiası tamamilə yalandır. Azərbaycan nə o kilsəni, nə də başqa kilsəni dağıdıb. Bu, məsələnin bir tərəfi, ikinci də, “Müqəddəs Sərkis” adlandırılan kilsəsinin ermənilərə heç bir aidiyyəti yoxdur. Bu kilsə erməni kilsəsi deyil, birmənalı olaraq o çox qədim alban kilsəsisdir. Uzağa getmək lazım deyil. Bilirsiz, Sərkis kimdir? O, sonuncu Gəncəsər mitropoliti idi. O kilsəni də ermənilər ləğv edib onu Eçimədzinin tabeliyinə verdilər. Bütün mənbələrdə, ədəbiyyatda onun adı Serqi Qanzasarskidir. Ermənilər Serqi Qanzasarskinin özünü öldürdülər, sonra adını dəyişib “Sarkis” etdilər, bu kilsənin adı alban kilsəsinin sonuncu mitropolitinin adı ilə bağlıdır. Bu özü kifayətdir. O Sərkis deyil, o sonuncu mitropolit Serqidir. Serqi Qanzasarksi Alban kilsəsinin sonuncu din xadimi idi, onu da ermənilər öldürüb. Alban kilsəsinin erməni kilsəsinin tabeliyinə keçməsinə nail olmaq üçün onu ermənilər qətlə yetiriblər”-deyə R.Mobili vurğuladı.
Hadrutdakı kilsələrdə olduğunu deyən R.Mobili qeyd etdi ki, o kilsələr təmizlənib, tərtəmiz saxlanılır. Azərbaycanda kilsələrin dağıdılmasından söhbət gedə bilməz deyən R.Mobili “Azərbaycan həmişə kilsələrin bərpasına xüsusi diqqət yetirir, dəstək verir. Gələcəkdə bərpaya ehtyacı olan kilsələr hamısı bərpa ediləcək. Başa düşə bilmirəm ki, ermənilər niyə yalandan hay-küy salır. Dövlət səviyyəsində gəlib kilsələrə baxmaq istəyirlərsə, gəlib baxsınlar, paralel olaraq bizə də imkan yaratsınlar ki, biz də gedib Qərbi Zəngəzurdakı abidələrimizə baxaq, monitorinq aparaq. Gedək görək Tatev monastırını nə günə salıblar. Dini baxımdan bu cür qarşılıqlı addımlara razıyam. Baxmaq istəyirlərsə gəlib bizim alban monastırlarına baxsınlar. Biz hər dəfə səfərlərin paralel olmalı olduğunu deyəndə ermənilər razılaşmırlar, qaçırlar. Qədim alban kilsələri yalnız Qarabağda və onun ətrafında deyil ki. Alban kilsələri Qazaxda, Gədəbəydə və başqa yerlərdə də var”-deyə R.Mobili əlavə etdi.
O vurğuladı ki, alban kilsələrini biz deyil, ermənilər pis vəziyyətə salıb. R.Mobilinin sözlərinə görə, elə kilsələr var ki, ermənilər orada silah-sursat və başqa şeylər saxlayıblar. “İndi onlar dağıtdıqları alban məbədlərinin məsuliyyətini Azərbaycanın üzərinə yıxmaq istəyir. Məqsəd şərləməkdir. Yaxud Ağoğlanda xaçqarları qırıb aparıblar, amma “Azərbaycan edib” deyirlər. Onlar öz cinayətlərinin izlərini silmək üçün bunu ediblər.
Onlar təkcə alban məbədlərinə deyil, islam abidələrinə qarşı da vandalizm törədiblər. Bizə şərait yaratsınlar gedək Ermənistanda alban kilsələrinin, məscidlərin vəziyyətinə baxaq, görək onları nə gündə saxlayıblar. Hər şey paralel olmalıdır”-deyə R. Mobili bildirdi.
İradə SARIYEVA