ROBERT MOBİLİ: “ERMƏNİ YALANLARINA QARŞI MÜBARİZƏ APARILMASI ÜÇÜN ALBAN KİLSƏLƏRİNƏ DİNİ RƏHBƏR TƏYİNATI OLMALIDIR” — MÜSAHİBƏ


9 марта 2017 | Интервью

«Udilər ruhani təhsilini Ukrayna kilsələrində alırlar»

Bakı. 7 mart. REPORT.AZ/ Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin (BDU) baş elmi işçisi Robert Mobilinin «Report»a müsahibəsi:

— Robert müəllim, udi xalqı udinlər kimi də yazılır. Bunlardan hansı düzgündür?

— Çar Rusiyası Qafqazı işğal etdikdən sonra Azərbaycanda yaşayan xalqların milliyyətini müxtəlif cür yazıb. Bizə aborigen, avtoxton və albanlar deyiblər. Hətta tuzemts dedilər. Bundan sonra isə yazıya alanda udi sözünün yerinə udinlər yazdılar. Ancaq bu da doğru deyil. Udin sözü rus dilində yazılanda n hərfi bağlayıcı kimi işlənir (məsələn, gürcü — qruzin, ləzgi — lezgin). Biz özümüzə udi deyirik, tarixdə də udi olub. Udin termini Çar Rusiyasının Qafqazı işğalından sonra ortaya çıxıb. Biz hələ sovet dövründə, yəni 1985-86-cı illərdə bununla bağlı məsələ qaldırmışdıq.

— Hazırda Azərbaycanda və digər ölkələrdə udilərin sayı nə qədərdir?

— Bu gün dünyada udilərin sayı 10 min nəfərdən çoxdur. Xarici ölkələrdə yaşayanların hamısı da məhz buradan gedənlərdir. Onların tarixi vətəni Azərbaycandır. Azərbaycanda qalanların sayı isə 4 minə yaxındır. Rusiyanın Rostov, Krasnodar, Volqoqrad, Qazaxıstanın Aktau şəhərində sayları kifayət qədər çoxdur, az sayda Ukraynada və Gürcüstanda yaşayırlar. Azərbaycanda isə Qəbələnin Nic qəsəbəsində, Oğuz rayonunda 100 nəfər, Bakı şəhərində isə 20 ailə yaşayır. Azərbaycandan fərqli olaraq başqa ölkələrdə yaşayan udilərin nəvələri tarixi vətənlərinə gəlib gedirlər. Artıq onların bir hissəsi udi dilində danışa bilmir.

Azərbaycanın qonşuluğunda yaşayan bəzi xalqlar Qafqaz Albaniyasının mirasına sahib çıxmağa çalışırlar…

— Qafqaz Albaniyası eramızdan əvvəl IV əsrdən eramızın VII əsrinə qədər mövcud olmuş minillik tarixi olan ölkə olub. Bu gün də həmin ölkənin varisi Azərbaycandır. Qafqaz Albaniyası böyük bir dövlət olub. Hələ bir hissəsi Dərbənddə, bir hissəsi Ermənistan ərazisində qalıb. Qafqaz Albaniyasında I əsrdən xristian icmaları yarandı və IV əsrdə, yəni 313-cü ildə xristianlıq dövlət dini oldu. Alban mədəni irsi Azərbaycanda həddən artıq zəngindir. Azərbaycanın demək olar bütün bölgələrində bu mədəni irsin qalıqları var. Şəkidə olan Kiş məbədi Qafqaz Albaniyasının, hətta Qafqazın ən qədim kilsələrindən biridir. Qafqazda kilsələrin anası hesab olunan Kiş Apostol kilsəsidir. Bu zəngin mədəni irs Azərbaycanın tarixi mədəni irsidir. Bu mədəni irsə «qonşularımız» (həm şimaldakı, həm də qərbdəki qonşularımız) sahib olmaq istəyirlər. Çünki bu mədəni irsə yiyələnmək torpağın sahibi olmaqdır. Çar Rusiyası Qafqazı işğal edəndə iki böyük imperiyanın marağı olub. Qarşıdurmaların sonunda Azərbaycanı iki hissəyə ayırdılar. Azərbaycanda xristian mədəni irsinə sahib olan udilər, o cümlədən alban tayfaları birbaşa erməni kilsəsinə verildi. Çünki Çar Rusiyası Azərbaycan ərazisində xristian ölkəsi yarada bilməzdi. Alban tayfalarından 5-6 kənd qalmışdı və həmin mədəni irsə sahib olmaq üçün onlara böyük bir qüvvə lazım idi. Nəticədə erməniləri Dağlıq Qarabağa köçürməklə Azərbaycanın tarixi torpaqlarında yerləşdirdilər. Məqsəd Qafqaz Albaniyasının xristian mədəni fundamenti üzərində erməni icmasının gücləndirilməsi idi. Azərbaycanı parçaladıqdan sonra İranda Rusiya səfiri Aleksandr Qriboyedovu öldürməklə antierməni siyasət formalaşdırdılar və bundan sonra erməniləri Azərbaycana köçürdülər. Ermənilər daha çox əsasən alban məbəd-kilsələrinin yerləşdiyi ərazilərə köçürüldülər. Alban kilsəsi apostol kilsəsi olduğundan tarixlə yaxınlığı var. Ermənilər ədəbiyyatı, dəftərxananı, dini ocaqları öz kilsələrinə uyğun dəyişdirməyə başladılar. Onlar özlərinə sərf edənləri tərcümə edib dəyişdirdilər, lazım olmayanların hamısını da məhv etdilər. Bu işləri də Çar Rusiyasının köməyi ilə həyata keçirdilər. Nəticədə Azərbaycanın tarixi torpaqlarında ermənilərin sayı artdı. Sonra Türkiyədən də erməniləri köçürdülər. Nəticədə Dağlıq Qarabağda o mədəni irsin sahibi ermənilər oldu. Çar Rusiyasının əsas istəyi Azərbaycan ərazisində islam və xristian dinlərinə mənsub olmaqla iki qütb yaratmaq idi. Bir tərəfdən ermənilərin mədəni irsə sahib olmalarına şərait yaratdılar, digər tərəfdən də islamın alban-xristian mədəni irsini erməni mədəni irsi kimi qəbul etməsi üçün şeyxülislamlıq formalaşdırdılar. Nəticədə alban sözünü, ümumiyyətlə, terminologiyadan çıxardılar. Oğuzda yaşayan uduləri pravoslav kilsəsinə qəbul etdilər və onlar üçün gözəl şərait yaratdılar. Udilərdən məşhur general, hərbçilər, yazıçılar çıxırdı. Nic udiləri isə birbaşa ermənilərin tabeçiliyinə verilmişdi.

Müasir tariximizə baxanda Qarabağ ermənilərinin bir hissəsi vaxtilə dönmüş alban tayfalarıdır. Onun içində bu gün də özlərini erməni kimi qələmə verən udilər də var. Alban tayfalarının böyük bir hissəsi islamı qəbul etdilər, bir hissəsi isə özlərini qorumaq məqsədilə Gürcüstana qaçdılar və gürcüləşdilər. Qvareli rayonunda bir kəndimiz tamamilə gürcüləşib. Sosialist inqilabından sonra kilsələr diqqətdən kənarda qaldı.

— Bəs, udilər bu qədər çətin şəraitdə necə özlərini qoruya və mədəniyyətlərini yaşada bildilər?

— Biz erməni kilsəsinə gedib ibadət etmədiyimizə görə, özümüzü qoruya bildik. Ermənilərin bizim onların kilsələrinə ibadətə getməməyimizlə bağlı Eçməidzinə çoxlu şikayət məktubları var.

Xalqın özünü qorumasında iki faktor var. Birincisi, etnosun müharibə edən bir xalq olmaması, ikincisi isə ətraf mühit amilidir. Azərbaycan türkləri ilə kökümüz yaxın olduğundan bizə hörmətlə yanaşıblar. İndi tolerant, multikultural olduğumuzu deyirik. Çünki biz bu işə hazır idik. Antoqonizm, bir-birinə nifrət olan yerdə milli zəmində münaqişələri alovlandırmaq asan məsələdir. Xalqlarımız arasında belə bir şey yox idi. Hətta indi də xalqlarımızın arasına nifaq toxumu səpmək istəyirlər, amma bunu edə bilmirlər və bilməzlər də.

İnqilab vaxtı da elə idi. Bizdən, sizdən fikrimizi soruşan olmayıb. Azərbaycan türklərinin milliyyətini tatar kimi yazıblar. İbadət yerlərini də siyahıya alan olub. Sözsüz ki, Eçməidzinə keşişləri göndərəndə xristian dininə ibadət edən xalqları öz adları ilə adlandırmayıblar. Onlar kilsə hesabına müxtəlif millətləri birləşdirdilər. Bu regionda ermənini gücləndirmək Çar Rusiyasının siyasəti idi. Bu siyasət hələ Pyotrun vaxtından başlanmışdı. Amma şimal xalqları islam dinini qəbul etdilər. Bu da rus imperiyasının qarşısında bir sədd rolunu oynadı.

Bu qazanda hər birimiz qaynamışıq. Vaxtilə ərəblər xristianları sıxmayıblar. Ərəblərin onlardan əsas tələbləri verginin vaxtında verilməsi və qərblə yaxınlaşmaması olub. Qafqaz Albaniyasını ərəblər deyil, ermənilər dağıtdılar. Qafqaz Albaniyasının XI çarı Cavanşir Varası ermənilər satdılar və onun guya dualarında Qərbin, Bizans imperatorunun adını çəkməklə özünü möhkəmləndirmək istədiyini bildirdilər. Ərəblər də Cavanşir Varası Qərblə yaxınlaşmaması üçün zəiflədiblər. Məsələn, Şəki xanı Çələbi xanın kökü xristian olub. Amma sonra Çələbi xanın bütün qohum-əqrabası islamı qəbul etdi, hətta xan Həcc ziyarətinə getdi və türklərlə yaxınlaşdı. Tarixçilər etnosların islamı qəbul etməsini çox yazmırlar. Azərbaycanın tolerantlığı nədən irəli gəlir? Bizim kökümüz birdir. Sadəcə fərqli elementlər, fərqli dinlər olub. Bizim içimizdə xristianlıqdan sonra islamı qəbul edənlər çoxdur.

Avropa alimləri Azərbaycana gələndə bizimlə maraqlanırlar. Onları xristian olmağımız deyil, ətrafı tamamilə islam olan bir xalqın öz dili və dinini necə qoruyub saxlaması maraqlandırır. Təbii ki, əsas amil kökümüzün yaxınlığı olub. Düzdür, çətinliyimiz də olub və indi də var. Udiləri tarixdən silməkdə maraqlı olanlar da olub. 1918-20-ci illərdə, 1990-cı illərdə bizim başımıza çox işlər açıblar. Çünki ermənilər, ruslar Azərbaycandakı mövcud xristian tayfalarını tamamilə silmək istəyirdilər. Ya xalqın içində əriməliydin, ya da yox olmalıydın. Məsələn, ingiloylar Gürcüstana gedərək gürcüləşdilər və illər sonra dillərini də unutdular. Bu gün Avropada qloballaşma, inteqrasiya nəticəsində böyük xalqlar belə əriyirlər. Ona görə də norveçlilər Avropaya inteqrasiyanı istəmir. Bunun qarşısını necə almağı öyrənmək üçün azsaylı xalqların modellərinə baxırlar. Bundan 20-30 il əvvəl Avropada doğum gününün keçirilməsi, qonaq çağırılması adətinin gələcəkdə tamamilə aradan qalxacağını bildirirdilər. Artıq udilərdə belə bir proses başlayıb və bu, bizdən asılı deyil. Ona görə də Avropada insanlar özlərini qorumaq istəyirlər. Azərbaycan da vaxtilə əriyirdi, hamı rusdilli olmuşdu.

— Bu gün vəziyyət necədir? İnsanlar arasında bir-birinə olan hörmət yaşayırmı?

— Nicdə yaşayan azərbaycanlılar dilimizi çox gözəl bilirlər. Mədəniyyətimizə və dilimizə hörmətlə yanaşırlar. Məsələn, yas yerinə gələndə udilərin dərdinə onların öz dilində şərik olurlar. Bizdə toy və yas mərasimlərində donuz əti verilmir. Halbuki donuz əti yeyirik. Mərasimlərimizə müsəlmanlar da gəldiyindən donuz əti verilmir. Biz kiminsə hüzr yerinə gedəndə ayağa durub hörmətlə qarşılayırlar. Hətta azərbaycanlı qonaq üçün ayrıca qab-qacağın olduğu vaxtlar da var idi. Evə qonaq gələndə toyuğu kəsməsi üçün qonağın özünə verirdik. Bu da hörmətdən irəli gəlirdi. Bəlkə də onun halal olub-olmamasını qəbul etmədiklərini fikirləşirdilər. Bir udi qonaq gedəndə də içki içməsi üçün atalarının getməsini gözləyirdilər. Çünki bizim içki içdiyimiz bilirdilər. Artıq bu adətlərin əksəriyyətinə əməl edilmir. Ancaq öz mədəniyyətimizin və dilimizin qorunub saxlanması faktorunda bu kimi məişət amilləri də var. Demək olar geyimdə, evlərin tiklişində fəqr yoxdur. Xırda elementləri bir yerə yığanda mədəniyyətlərin birgəyaşayışı olur.

— Sizcə, Azərbaycanın həyat tərzi olan multikulturalizmin təbliğinə ehtiyac varmı?

— Multikuturalizm bizim üçün sadəcə yeni bir termindir. Bu, bizdə hər zaman olub. Amma bununıa belə,  Azərbaycanda mövcud olan multikulturalizmin təbliğ edilməsinin zəruriliyini gördük. Çünki ölkə sərhədlərindən kənarda təbliğat başqa cür gedir. Prezident İlham Əliyev «Multikulturalizm ili»ni elə-belə elan etmədi. Çox insan bunun nə üçün olduğunu başa düşmədi. Avropa ölkələrində çox olmuşam. Xaricdə Azərbaycan multikulturalizminin reklamına ehtiyac var idi. Çünki bizimlə bağlı mənfi informasiyalar verilirdi və bu da nüfuzumuzu aşağı salırdı. Azərbaycanın işğalçı olduğu, başqa xalqlar assimilyasiyaya uğradıqları bildirilirdi. Amma mən deyirəm ki, hansı əriməkdən danışırsınız? Mənim xalqımın 99 faizi öz dilində danışır. Mənim ana dilimdə dərs keçirlər. Necə əriyə bilərik? Böyük Britaniyada, Lordlar Palatasında on dəqiqə çıxış etmişəm. Strasburqda, YUNESKO-nun ssesiyalarında çıxış etmişəm. Mənə bir sual verən olmayıb. Çünki ətraflı danışdıqdan sonra artıq suala ehtiyac qalmır. «Bu mənəm, burada yaşayıram və öz dilimdə danışıram» deyirsən. Udilərin X sinfə kimi öz dilində təhsil almasına ehtiyac yoxdur. BDU-da işləyirəm və rus bölməsi ilə Azərbaycan dili bölməsinin fərqini görürəm. Azərbaycan bölməsinin uşaqları müəyyən dövrdən sonra dərslik tapa bilmir. Çünki dərsliklər hələ də rus dilindədir. Udilər öz dillərində məktəbi bitirəcəkləri təqdirdə nə etməlidir? Əlbəttə, özü üçün universitet açmayacaq? Ana dilinin itməməsi üçün ibtidai siniflərdə dərslər keçilir. Bunun üçün də dövlət tərəfindən yer ayrılıb və dili bilən müəllimlər dərs verir. Yəni bu gün Azərbaycan xalqınını öz dilində universitet bitirməsi üçün problemlər var. Bu gün Azərbaycanda azsaylı xalqların öz dillərində universitet bitirməsindən söhbət gedə bilməz. Bu gün Azərbaycan cəmiyyəti hələ də rusdillidir. Halbuki dövlət dili Azərbaycan dilidir. Amma elmi dil hələ də rus dilidir.

— Bəs Azərbaycanda yaşayan udilər başqa xalqların nümayəndələri ilə evlənirlərmi?

— YUNESKO-nun statistikasına görə, hər on gündə bir xalqın dili dünyadan silinir. Azərbaycanda halputlar var, onlardan barmaqla sayılacaq qədər insan qalıb. Bu dövlətin, xalqın, ətraf mühitin təsiri deyil. Ümumi bəşəriyyətin problemidir. Hətta böyük xalqlar da əriyir. Nə qədər özlərini müdafiə etsələr də, problemlər olur.

Udilərdə başqa millətdən qız alıb verməyə müsbət rəy verilmir. Hətta aşağı məhəllənin yuxarı məhəlləyə qız vermədiyi vaxtlar da olub. Bu da öz patriarxlığını müdafiə etmək üçün olub. Bir az geniş baxanda bu addım millətini, dinini saxlamaq üçün atılıb. Amma hərbi xidmətdə olarkən rus gətirənlər də olub. Hazırda bizdə iki azərbaycanlı gəlin də var. Mən elmi tərəfdən qaynayıb-qarışmaq məsələsinə müsbət rəy verilməsinin tərəfdarı deyiləm. Çünki qız verib, qız almaq yolu ilə qaynayıb qarışmaq assimilyasiya ilə nəticələnir.

— Ermənilər alban kilsələrini bu gün də özününküləşdirməkdə davam edirlər. Sizcə, buna qarşı necə mübarizə aparılmalıdır?

 

— Ermənilər Dağlıq Qarabağ ərazisində olan alban kilsələrinin əksəriyyətini bərpa edirlər. Azərbacan alban mədəni irsinə sahib çıxmalıdır. Qafqaz Albaniyasının mədəniyyəti, tarixi bizim mədəniyyətimiz, bizim tariximizdir. Ona görə də bu işlər mənfur qonşularımızın deyil, bizim işimizdir. İndi böhran vəziyyətində yaşayan Ermənistan Qarabağda olan kilsələri bərpa etmək üçün çox böyük vəsait sərf edir. Bunu ürəyi yandığından bərpa etmir. Sabah həmin torpaqlar işğaldan azad edilə bilər, ermənilər də guya «tarixi» torpaqları olduğuna iddia etmələri üçün belə edirlər. Azərbaycandakı alban məbədlərindən heç olmasa bir hissəsini bərpa etməliyik. Gədəbəy, Daşkənd, Qazax, Tovuz, Şəki-Zaqtala, İsmayıllı, demək olar bütün rayonlarda alban kilsələri var. Heç olmasa onlardan bir qismi bərpa olunmalıdır. Təbii ki, dövlət tərəfindən bərpa edildikdən sonra icmalar da kilsələrin qorunmasına hazır olmalıdır. Çünki bu məsələ də bizdə problemdir. Dövlətin hər kilsə üçün 5 ştat vahidi saxlamağa pulu yoxdur. Burada din faktoru var. Həmin kilsələr ermənilərin deyil, albanların, yəni bizimdir. İllərdir udiləri də erməni kimi tanıyırdılar. Çünki bu cür siyasət həm Ermənistana, həm də Rusiyaya sərf edirdi. Biz bir tərəfdən özümüz bu mədəniyyəti ermənilərə vermişik, digər tərəfdən də bu işi bizim əlimizlə görüblər.

Mən Türkiyədə olmuşam, bu ölkənin dini rəhbərləri ilə görüşmüşəm. Suriya kilsəsinin, Konstantinopol kilsəsinin patriarxları ilə görüşmüşəm. Türkiyədə heç yerdə Konstantinopol sözünü işlətmirlər. Amma patriarx var. Kilsəni bərpa ediblər və turistlərdən pul alırlar. Türkiyədəki xristian mədəni irsinə Ermənistan, Yunanıstan, Suriya kimi ölkələr heç bir söz deyə bilmir. Türkiyə bunun bir tarix olduğunu deyir. Biz də müsəlman ölkəsi olsaq da, bu mədəni irs bizimdir. Təəssüf ki, bu hal bizdə yoxdur. Azərbaycanda alban kilsəsinin statusu olmayana kimi bu problem qalacaq. Biri var Dağlıq Qarabağı dövlət səviyyəsində müdafiə etsinlər, biri də var tarix və din tərəfdən. Ermənilərin əsas faktoru dindir. Hətta erməniləri çox sıxanda «Albaniya böyük Ermənistanın içində olub» deyirlər. Amma nə qədər qaçsalar da, tarixi həqiqət var. Alban Apostol kilsəsi var və bunu qəbul edən qüvvələr var.

Ermənilər alban əlifbasını Mesrop Maştotsun yaratdığını iddia edirlər. Halbuki dünya alimləri alban əlifbasının Mesrop Maştotsdan yüz il əvvəl yaradıldığını sübut ediblər. Bu material Azərbaycanda heç yerdə olmasa da, Nicdə var. Amma bu məlumatlar dilçilk, tarix sahəsində yazılmalıdır. Bu işlərdə dövlətin strategiyası olmalıdır. Söhbət burada udilərdən getmir. Udilər bu işdə kömək edə bilərlər. Amma bu mədəni irsin dini rəhbəri olmasa, onu müdafiə edə bilməyəcəklər.

Ermənilər YUNESKO-da qaldırdıqları xaçkar məsələsi ilə bağlı səsvermə keçirmək istəyirdilər. Onlar iddia edirdilər ki, harada xaçkar varsa, Ermənistan sərhədidir. Azərbaycandan məni də dəvət etdilər. Çünki xaçkarların albanlara məxsus olduğu iddiasını qaldırmışdım. Biz hələ ki, bu ərazilərdə yaşayırıq. Bizim iddiadan sonra səsverməni saxladılar və Ermənistanda harada xaç varsa, bu ölkənin ərazisi olduğunu yazdılar.

Biz bilmirik ki, ermənilər Qarabağda nə hazırlayırlar. Alban kilsəsinin rəhbəri olsa, daha da güclü olacaq. Alban mədəni irsini bir tərəfdən dövlət, alimlər müdafiə etməlidirlər. Digər tərəfdən dini rəhbərlər olmalıdır. Tarixçilər üçün danışmağa əsas olmalıdır. Azərbaycan sekulyar ölkədir. Bu mədəni irs Azərbaycanındır. Bunu müdafiə etmək üçün həmin strukturu bərpa etməliyik. Bunun modelləri də var. Mən bu modelləri islam ölkələrində görmüşəm. Məsələn, Misirdə, Türkiyədə, Albaniyada (Balkan), hətta İsrailin özündə. Amma Azərbaycan çərçivəsində bu prosesi həll etmək də bir az çətindir. Amma din faktorundan istifadə etməklə qarışıqlıq yaradıla biləcəyi üçün hazır olmalıyıq.

— Siz bir sıra dini rəhbərlərlə görüşmüsünüz. Yaxın tarixdə Roma Papası Fransisk ilə də görüşünüz olub. Sirr deyilsə, onunla nə barədə danışdınız?

— Bəli, ötən il sentyabrın əvvəllində mənim Roma Papası ilə «Heydər» məscidində qısa bir görüşüm oldu. Bunun üçün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür edirəm. Mən Papaya udilər və alban kilsələri haqqında məlumat verdim. Ən başlıcası isə Alban-udi Xristian icması əsasında Azərbaycanda olan alban kilsələrinin statusunun bərpa olunmasına dəstək göstərməsini xahiş etdim. Eyni zamanda ona alban kilsələrinin erməni kilsələri ilə heç bir əlaqəsinin olmadığını bildirdim.

— Udilər ruhani olmaq üçün dini təhsillərini harada alırlar?

— Biz şərq kilsəsiyik. Bizim icma üzvləri İsrailə gedib İordan çayında vəftist olur. Çünki hansısa kilsəyə gedib vəftist olsam, həmin kilsənin içində olacağam. Deməli, bundan sonra mən kilsənin statusunun bərpası işində iştirak edə bilməzdim. Biz müstəqil olmaq üçün həmin əraziyə getdik. Qədim kilsələrin rəhbəri olmaq üçün ruhani olmalıdır. Ruhani təhsili üçün Suriyanı istədik, orada da ərəb dili bizim üçün çətindir. Dilə də yaxın olduğundan Türkiyədə oxumaq istədik. Udilər hər zaman hələ sovet vaxtında da latın əlifbasında oxuyub. Amma Konstantinopol kilsəsinin öz seminariyası olmadığından mümkün olmadı. Biz də seçim qarşısında qaldığımızdan Ukraynanı seçdik. Çünki Ukrayna kilsəsinin bizimlə bağlı siyasi marağı yoxdur. Sadəcə ruhani diplomu veriləcək.

— Kilsə və qədim ibadət məkanlarının təmiri zamanı nələrə diqqət yetirilməlidir?

— Məbədləri bərpa etmək üçün eyni tikinti materialından istifadə edilməlidir. Qədim məbədlərin, o cümlədən kilsələrin tikintisində travertin, əhəng daşı və gəcdən istifadə ediblər. Amma hazırda təmir zamanı elementləri olduğu kimi tuta bilmirlər. Qədimdə alban kilsəsində qapı çox balaca olub, yəni içəri daxil olanda gərək başını əyməliydin. Ancaq ermənilər onu böyüdüblər. Bizdə Nic məbədini də təmir edəndə bəzi səhvlər etdilər. Muasir sementdən istifadə olundu. Qız Qalasının təmirində də belə oldu. Amma YUNESKO bunu qəbul etmir. Abidənin tikildiyi materialdan istifadə olunmalıdır. David Karacanı-Alban kilsəsi də bu vəziyyətdədir. İndi onun alban məbədi, yoxsa gürcü kilsəsi olduğunu müəyyənləşdirmək çətindir. Bu kimi hallar da torpaq istəyi ilə nəticələnir. Din faktoru balaca faktor deyil. Çünki din faktorunun arxasında mədəniyyət, mədəniyyətin arxasında tarix, tarixin arxasında isə dövlət var.

— Bir sıra mükafatlara layiq görülmüsünüz. Fəliyyətinizdə dövlətin dəstəyini hiss edirsinizmi?

— Dövlət tərəfindən fəaliyyətimlə bağlı problem yaradılmır, əksinə güclu dəstək görürəm. Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətimə görə “Şöhrət” ordeni ilə təltif olunmuşam.

«Multikulturalizm ili» çərçivəsində (2015-cı il noyabr ayında) dövlət başçısı tərəfindən fəxri diplomla təltif olunmuşam. Bunlara görə təşəkkür edirəm.

https://report.az/din/robert-mobili-ermeni-yalanlarina-qarsi-mubarize-aparilmasi-ucun-alban-kilselerine-dini-rehber-teyi/

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2024