Noyabr ayının 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş «Azərbaycan – tolerantlığa nümunə ölkə» mövzusunda dəyirmi masa-konfransdan sonra qonaqlar — Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov Qəbələ rayonunun Nic qəsəbəsinə gedərək Çotari (Alban-Udi) kilsəsində olublar.
Azərbaycan Respublikası Alban-Udi xristian icmasının sədri Robert Mobili qonaqlara icmanın fəaliyyəti, icma tərəfindən görülən işlər barədə ətraflı məlumat verib. O, bildirib ki, udilərin kompakt halda yaşadığı Nic qəsəbəsində mütəmadi abadlıq və quruculuq işləri aparılır. Son 10 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər etməsi isə dövlət tərəfindən udilərə göstərilən diqqət və qayğının bariz nümunəsidir: «Azərbaycanda dini rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı var. Alban-udi kilsəsinin bərpa edilməsi də bu diqqətin bariz nümunəsidir. Çünki bu məbəd qədim tarixin daşıyıcılarından biridir. Son illər udilər öz mədəniyyətini, dilini və dinini qoruyub saxlamaq üçün böyük işlər görür, buna dəstək olan isə Azərbaycan dövləti və onun rəhbəridir. Buna görə, cənab Prezidentə udilər adından təşəkkürümüzü bildiririk».
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlətin din sahəsinə göstərdiyi diqqətdən, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, Alban-Udi dini icmasına bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi tərəfindən bütün lazımi dəstək göstəriləcək.