Nic qəsəbəsində “Pasxa” bayramı keçirilib


3 мая 2016 | Новости
Mayın 1-də Qəbələ rayonu,  Nic qəsəbəsində yaşayan udilər  Pasxa bayramını qeyd ediblər. Qəsəbədəki “Çotari” Alban-udi kilsəsində təşkil olunan bayram mərasimində qəsəbə sakinləri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Nic qəsəbəsi “Abdallı” məhəllə məscidi dini icmasının üzvləri iştirak ediblər.

Bayram mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Alban-udi Xristian dini icmasının üzvlərini bayram münasibətilə təbrik edərək, ölkədəki dövlət-din münasibətləri, multikultural və tolerant dəyərlərin qorunması və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. O qeyd edib ki, dövlətin, Prezident cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısının nəticəsində bütün dini qurumlar, o cümlədən tarixi Alban kilsəsinin varisi olan Alban-udi Xristian dini icması sərbəst fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Alban-udi Xristian dini icmasının sədri Robert Mobili  Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən məmnunluğunu bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyini, hər bir kəsin dini etiqad azadlığının təmin olunduğunu vurğulayıb.O qeyd edib ki, müsəlman və xristian udilərin birgə yaşadağı,  kilsə və məscidin yan-yana fəaliyyət göstərdiyi Nic Azərbaycan tolerantlığının kiçik bir modelidir. Alban-udi Xristian dini icmasının çıxış edən digər üzvləri onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd edib, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Çıxışlarda Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması yüksək qiymətləndirilib, Nic kilsəsinin bərpasının xalqımızın tolerantlığına gözəl nümunə olduğu qeyd edilib.
Məlumat üçün qeyd edək ki, Nic qəsəbəsində Alban-udi kilsəsi və 2 məscid fəaliyyət göstərir. Burada yaşayan udilər minilliklərdən bəri  öz dinini, dilini, adət-ənənələrini qoruyub saxlayırlar.
pasxa_2016
pasxa_2016_8
pasxa_2016_5
pasxa_2016_6
pasxa_2016_7


Copyright © | 2023

Албано-Удинская Христианская Община Азербайджана