QƏBƏLƏDƏ “MULTİKULTURALİZM İLİ” ÇƏRÇİVƏSİNDƏ “ALBAN APOSTOL KİLSƏSİNİN KEÇMİŞİ VƏ BU GÜNÜ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK


19 июля 2016 | Новости

İyulun 20-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA-nın vitse- prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Milli Məclisin komissiya sədri, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Suriya avtokefal kilsəsi Deir-al-Zafaran monastrının mitropoliti Salib Özmen, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, xarici ölkələrdən dəvət olunmuş albanşünas mütəxəssislər, tarixçilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.
Rəsmi açılış mərasimindən sonra konfrans işini plenar iclaslarla davam etdirəcək. İclaslarda Azərbaycan tarixinin orta əsrlər mədəniyyətinin nümunələrindən olan Alban Apostol kilsəsi haqqında ətraflı məlumat veriləcək. Qafqaz Albaniyası və Alban Apostol kilsəsi, Qafqaz Albaniyasının dini arxitekturasında xristian və İslam motivlərinin simbiozu, Alban apostol avtokefal kilsəsinin varisi kimi Azərbaycanın Alban-Udi xristian dini icmasının fəaliyyəti, Qafqaz Albaniyasının mədəni irsinin erməniləşdirilməsi, XVII-XIX əsrlərin Alban Apostol kilsəsi, 1836-cı ildə Alban kilsəsinin ləğv edilməsindən sonra udinlərin dini və etnik vəziyyəti və digər məsələlərlə bağlı məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Eyni zamanda, konfrans iştirakçılarının Nic qəsəbəsinə səfər edərək Müqəddəs Yelisey Alban kilsəsi ilə tanışlıqları da nəzərdə tutulub.
Konfransdan sonra “Udi Mədəniyyət Günü”nə həsr olunmuş tədbirlər keçiriləcəkdir.


Copyright © | 2023

Албано-Удинская Христианская Община Азербайджана