Azərbaycan İlahiyyat İnstitutunun heyəti Qəbələ rayonunun Nic qəsəbəsinə səfər edib


13 ноября 2021 | Новости

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsinə səfər ediblər.
İnstitutun kollektivi Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçiləri ilə birlikdə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə tər çiçəklər düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.

Daha sonra İnstitut heyəti Qəbələ Rayon Şəhidlik Xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüb.

Səfər zamanı Qəbələ şəhər məscidinə ziyarət təşkil olunub. Qəbələ şəhər məscidini ziyarət zamanı kollektivə məlumat verilib ki, müəssisədə eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə, 600 mömin ibadət edə bilir. Məscidin divarlarına müqəddəs Qurani-Kərimdən surələr yazılmış, sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Məscidin həyətində, həmçinin imam, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları, eləcə də digər köməkçi tikililər inşa olunub.

Qəbələ Arxeoloji Mərkəzini ziyarət edən Aİİ kollektivinə məlumat verilib ki, Mərkəzin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir.

Daha sonra Aİİ əməkdaşları və tələbələri Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi Kilsəsində və Müqəddəs Məryəm Ana Kilsəsində olublar. Aİİ heyətinə məlumat verilib ki, dünyada yaşayan udilərin sayı 10 minə yaxındır. Altı mindən çox əhalisi olan Nic qəsəbəsində 4 mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dillərini, dinlərini, adət-ənənələrini minillərdir qoruyub saxlayırlar. Qəsəbədə, həmçinin ibtidai sinif şagirdləri üçün udi dili tədris olunur. Hər iki kilsə haqqında geniş məlumat verilib. Nəzərə çatdırılıb ki, Müqəddəs Məryəm Ana Kilsəsi Azərbaycanda ən böyük kafedral məbəddir. Alban kilsələrinin tərtibatı çox zaman geniş olmayıb. Müqəddəs Məryəm Ana Kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılıb.

Ziyarətçilərin diqqətinə çatdırılıb ki, Nic qəsəbəsində “Orayın” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində, həmçinin digər qədim tarixi abidələr də mövcuddur. Dünyanın etnik xəritəsində udi adlı etnos yalnız Azərbaycan ərazisində mövcuddur.

 



Copyright © | 2021

Албано-Удинская Христианская Община Азербайджана