Fevralın 3-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Fransanın ERE TV media qurumunun jurnalistləri ilə görüş olub. Görüşdə iştirak edən Alban-udi dini icmasının başçısı Robert Mobili çıxış edərək Azərbaycanda mövcud dini-mənəvi həyatın nümunəvi gerçəklikləri barədə danışıb.


3 февраля 2022 | Новости

Fevralın 3-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Fransanın ERE TV media qurumunun jurnalistləri ilə görüş olub.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə fransalı jurnalistlərə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi və dini konfessiyaların real əməkdaşlıq müstəvisi barədə danışdı. Ölkəmizdə mövcud dinlər, konfessiyalararası, habelə məzhəblərarası münasibətlər barədə fransız media mənsublarını ətraflı məlumatlandıran şeyxülislam A. Paşazadə 44 günlük qalibiyyətli Vətən müharibəsi dövründə Zəfərin əldə edilməsində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının vurğuladığı kimi, xalqın dəmir yumruq kimi birləşməsində konfessiyalararası həmrəyliyi xüsusi önəm kəsb etdiyinə diqqəti çəkdi.

Vətən müharibəsi dövründə erməni tərəfinin hadisələrin mahiyyətinin yanlış təqdim olunması istiqamətində qarayaxma, ittihamlarla dolu təbliğatı, ələlxüsus, dini müstəvidə münaqişə kimi təqdim olunması məsələsinə toxunan QMİ sədri bildirib ki, bu tamamilə yanlış yanaşmadır və Azərbaycanın haqlı mübarizəsinə, dünya birliyi tərəfindən tanınan öz ərazilərini azad etmək yönündə ədalətli mübarizəsi dövründə xristian təəssübkeşliyinə nail olmaq, dini hisslərdən sui-istifadə etməyə hesablanmış saxtakarlıqdır. Şeyxülislam A. Paşazadə 1988-ci ildən — münaqişə başlanan zamandan etibarən dəfələrlə, müxtəlif vasitəçi tərəflərin, ələlxüsus, Rus Pravoslav Kilsəsinin vasitəçiliyi missiyası ilə Erməni Apostol Kilsəsinin rəhbərləri ilə baş tutmuş görüşləri barədə məlumat verdi.

QMİ sədri Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər, vandalizm aktları, məscidlərə, digər dini məbədlərə qarşı təhqiramiz münasibəti barədə fransalı media mənsublarını geniş məlumatlandırıb. Bildirib ki, erməni işğalı dövründə 67 məsciddən 65-i dağıdılıb, bununla belə, Ermənistan törətdiyi mədəni abidələrə qarşı soyqırımı siyasətini ört-basdır etmək məqsədilə Azərbaycana yalan ittihamlar irəli sürür. Şeyxülislam A. Paşazadə milli-dini, multikultural dəyərlərə böyük ehtiramla yanaşan Azərbaycan dövlətinin dağıdılmış mənəvi irsinə sahib çıxdığını, möhtərəm dövlət rəhbərimizin bəyan etdiyi kimi, işğalçıların məhv etdiyi bütün dinlərə məxsus mənəviyyat abidələrini — məscid, kilsə, sinaqoqları bərpa edib dirçəldəcəyini qonaqların diqqətinə çatdırıb.

Sonra A. Paşazadə QMİ-nin tarixi ilə bağlı sualı ətraflı cavablandırıb.

Görüşə görə təşəkkürlərini bildirən fransalı jurnalistlər QMİ sədrinin Azərbaycanda mövcud dini konfessiya rəhbərləri və təmsilçiləri ilə bərabər onlarla görüşməsini xüsusi minnətdarlıqla qeyd ediblər. İşğaldan azad olunmuş Qarabağa səfər etdiklərini diqqətə çatdıran Fransa media nümayəndələri bilavasitə müşahidələrini işıqlandırmaq niyyətində olduqlarını bildiriblər. Bakıda olduqları müddət ərzində müxtəlif din mənsublarının ölkəmizdə rahat, azad öz ibadətlərini həyata keçirdiklərini, insanların simasında xoşbəxtlik, fərəh müşahidə etdiklərini xüsusi qeyd ediblər. Görüşdə iştirak edən Azərbaycandakı dini konfessiyaların rəhbərlərinə ünvanladıqları suallara ətraflı cavabların televiziyalarında xüsusi reportajlarda, ayrıca veriliş şəklində işıqlandırılacağını bildirən fransalı jurnalistlər hər bir ölkədə belə bir dinlərarası mühit, harmoniyalı münasibətlərin arzu olunduğunu gizlətməyiblər. Aparıcı jurnalist dinlər, məzhəblər arasında belə nümunəvi münasibətlərin mövcudluğunun dövlətin yalnız tərəqqisinə xidmət etməsi barədə qənaətini bölüşüb və hazırda dünyada qarşıdurma hallarının artdığı bir dövrdə Azərbaycanın multikultural dəyərlərinin təbliği və təşviqinin vacib olduğunu vurğulayıb.

Görüşdə iştirak edən Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının katibi Aleksey Nikanorov, Roma Katolik Kilsəsinin Bakıdakı ordinarisi Yepiskop Vladimir Fekete, Avropa yəhudiləri icmasının başçısı Aleksandr Şarovski və Alban-udi dini icmasının başçısı Robert Mobili çıxış edərək Azərbaycanda mövcud dini-mənəvi həyatın nümunəvi gerçəklikləri barədə danışıblar. Bir ailə kimi yaşadıqları Azərbaycanda etnik və dini müxtəlifliyin ölkənin sərvəti kimi dəyərləndirilməsini, dövlətin dini icmaları diqqət və qayğı ilə əhatə etməsini böyük nemət kimi qiymətləndiriblər. Dini icmaların təmsilçiləri hər zaman birlikdə, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraitində olmalarını məmnuniyyətlə qeyd etdilər, çoxmillətli, çoxkonfessiyalı Azərbaycanın uğurlarının təməlində duran dəyərlər sırasında nümunəvi dinlərarası dialoq mühitinin də olduğunu xüsusi vurğulayıblar.

Fransalı jurnalistlər səmimi görüşə, dolğun informasiyalı çıxışlara görə təşəkkür edib, xatirə fotoları çəkdiriblər.



Copyright © | 2022

Албано-Удинская Христианская Община Азербайджана