Bakıda “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans təşkil edilib


15 ноября 2023 | Новости

Noyabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Heydər Əliyev siyasəti: tolerantlıq” mövzusunda konfrans baş tutub. Tədbirdə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, respublikada fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icmaların sədrləri və din xadimləri iştirak ediblər.

Konfransda ölkədəki milli birlik və dini həmrəylikdən bəhs edən sənədli film nümayiş etdirilib.

DQİDK-nın sədr müavini Sahib Nağıyev tədbir iştirakçılarını Beynəlxalq Tolerantlıq Günü münasibətilə təbrik edib və hər il ölkəmizdə qeyd olunan bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Tolerantlığın dövlət siyasətinin tərkib hissəsinə çevrilməsi, onun möhkəmlənməsi, beynəlxalq miqyasda təbliğ edilməsi, eləcə də dünyada nümunə kimi qəbul olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu müdrik və uzaqgörən siyasət Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə davam etdirilir. Azərbaycanın dini icmalarına, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına davamlı diqqət və qayğı göstərilir. Mütəmadi olaraq dini konfessiyalara fəaliyyətlərinin dəstəklənməsi üçün dövlət tərəfindən maliyyə yardımı ayrılır, bütün dinlərə məxsus ibadətgahlar inşa və bərpa edilir.

Sədr müavini, həmçinin vurğulayıb ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdilər. Bu da ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi kimi qiymətləndirilir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev bildirib ki, hər bir xalq öz nailiyyətləri, həyat tərzi sayəsində formalaşır. Azərbaycan xalqı nəcib xüsusiyyətləri, tolerantlığı, eyni zamanda cəsarəti, vətənpərvərliyi və ədalətsizliklə barışmazlığı sayəsində dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək torpaqlarını düşmən işğalından azad etdi. Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin qardaş kimi yaşadığını xatırladan QMİ sədrinin müavini ölkəmizdə mövcud olan əqidə azadlığının xalqımızın ən üstün cəhətlərindən biri olmasını vurğulayıb. Əlavə edib ki, millətimizin dəyərli şəxsiyyəti Ulu Öndər Heydər Əliyev tolerantlığın, birgəyaşayış mədəniyyətinin xalqımız üçün xarakterik xüsusiyyət olduğunu qeyd edərək Azərbaycanı müxtəlif dinlərin nümayəndələrinin doğma Vətəni adlandırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın siyasi müstəviyə qaldırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qlobal formada həyata keçirilir. R.Həsənov qeyd edib ki, Azərbaycan dünyada xalqların birliyi, birgəyaşayış, dayanıqlı sülh, mədəniyyətlərarası, dinlərarası dialoqla bağlı dəfələrlə qlobal forumların təşəbbüskarıdır. Azərbaycanın həyata keçirdiyi multikulturalizm siyasəti, bu çərçivədə reallaşan layihələr beynəlxalq tribunalarda səsləndirilir, təqdir olunur və model kimi qəbul edilir. Dünyanın 26 ali təhsil ocağında Azərbaycanın multikulturalizm ənənələri öyrənilir.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının ictimai təşkilatlarla iş üzrə şöbəsinin müdiri Elnur Əfəndiyev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli çıxışlarında Ulu Öndər Heydər Əliyevin dini icmalar arasında dostluq və qardaşlığın möhkəmlənməsinə verdiyi töhfələrə diqqət çəkiblər. Bildiriblər ki, bu gün ölkəmizdə yaşayan müxtəlif millətlərin, azsaylı xalqların müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə yerinə yetirmələri, öz ana dillərində təhsil almaları məhz Ümumilli Liderin xidmətləridir. Hazırda Prezident İlham Əliyevin ölkəmizdə fəaliyyət göstərən konfessiyalara göstərdiyi diqqətə toxunan din xadimləri  vurğulayıblar ki, dövlət başçısı dini bayramlarında və əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə təbriklər ünvanlayır, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. Həmçinin böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirləri davam etdirir.

Konfrans işini müzakirələrlə yekunlaşdırıb.

https://scwra.gov.az/az/view/news/11960/?fbclid=IwAR2BnZ1sm13K34vXmoflwkntUtymq6TVP6_ctKT76vVDZq-4_ahozSmOXRI

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2025