Respublikamızda fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini icma sədrləri və din xadimlərinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan DQİDK sədrinin müavini Səyavuş Heydərov əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətlərinə diqqət çəkib. Bildirib ki, Azərbaycanın din siyasətində dini etiqad azadlığının təminatı prioritet məsələlərdəndir. Dövlət tərəfindən dini icmalara, müxtəlif dinlərə məxsus ibadətgahlara göstərilən diqqət və qayğı göz önündədir. Dövlət tərəfindən icmalara hər cür dəstək göstərilir, onların hər bir müraciəti diqqətdə saxlanılır. Hər il cənab Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Cəmiyyətimizdə milli və dini həmrəylik ölkəmizin tarixində ən yüksək həddədir. Bu birlik 44 günlük Vətən müharibəsi dövründə özünü bir daha sübut etdi. Sədr müavini vurğulayıb ki, bu faktların fonunda ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi təəssüf doğurur. ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir. BDAK-nın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edilməsi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir.
S.Heydərov həmçinin bu gün insan hüquqları, dini azadlıqlar meyarlarının bəzi böyük güclər tərəfindən təzyiq vasitəsinə çevrildiyini qeyd edib. O, Azərbaycanda fəaliyyət göstərən dini icmalara çağırış edərək ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparan qüvvələrə qarşı həmrəy və ayıq-sayıq olmanın vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, hər bir cəmiyyətdə, hüquqi dövlətdə ictimai, dini münasibətlərin əsaslarını hüquq tənzimləyir. Ölkəmizdə bu öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında, “Dini etiqad azadlığı haqqında” Qanunda və s. aktlarda tapıb. Səmavi dinlərin hər birinin burada yayılaraq insanların milli düşüncəsinə, davranışlarına və həyat tərzinə təsir etdiyini deyən millət vəkili qeyd edib ki, bu baxımdan Azərbaycan dünyada yeganə coğrafi, siyasi məkandır. Deputat əlavə edib ki, dini dözümlülük, insanların inanclarına hörmət ölkəmizin vətəndaşlarının həyat tərzinə çevrilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev qeyd edib ki, illərlə Ermənistanın şər və böhtanlarının qarşısını layiqincə alan xalqımız ölkəmizə qarşı çirkin addımlar atan qüvvələrə qarşı bundan sonra da mübarizə aparacaq. ABŞ Dövlət Departamentinin Azərbaycanda fəaliyyət göstərən dini icmalarla bağlı qərəzli mövqeyini qınayan F.Nurullayev deyib ki, ölkəmizdə din etiqad azadlığı yüksək səviyyədə qorunur və dini baxışlarına görə heç kimə təzyiq göstərilmir, şiə-sünni problemi yoxdur. Bizim güclü dövlətimiz var və onu heç kim sarsıda bilməz. ABŞ-nin qərəzli münasibəti gözügötürməzlikdən başqa bir şey deyil.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov isə bildirib ki, multikulturalizmi və tolerantlığı özünün ideoloji əsaslarından hesab edən Azərbaycanın həmin siyahıya daxil edilməsi ən azından ədalətsizlikdir. Hesabatda guya ölkəmiz tərəfindən Qarabağda xristian dini irsinin məhv olunması iddiası gülüncdür. Azərbaycan hökumətinin Qarabağda təkcə dağıdılan müsəlman ibadətgahlarına deyil, xristian dini abidələrinə qarşı qayğı və diqqəti haqqında onlarca nümunə sadalamaq mümkündür. Azərbaycanda müsəlmanlarla yanaşı, qeyri-müsəlman dini icma nümayəndələrinin heç bir diskriminasiya halları ilə qarşılaşmadıqlarını vurğulayan A.Şirinov deyib ki, ABŞ-nin elə özündə diskriminasiya ildən-ilə artmaqda davam edir. Kaliforniya Dövlət Universitetinin Nifrət və Ekstremizm Tədqiqatları Mərkəzi tərəfindən ötən il hazırlanan tədqiqatda ABŞ-də dini nifrət motivli cinayətlərin 27 faiz artdığı qeyd olunur. Rektor, həmçinin çıxışında Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını, təhsil ocağında müxtəlif dinlər və məzhəblərin fərq qoyulmadan tədris olunmasını da dövlətimizin müxtəlif inanclara tolerant münasibətinin göstəricisi kimi dəyərləndirib.
Bakı Şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravosloav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, Azərbaycan Katolik Kilsəsinin nümayəndəsi Yozef Marek, Avropa Yəhudilərinin Bakı Dini icmasının ravvini Şneor Seqal, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudiləri dini icmasının sədri Zamir İsayev, Azərbaycan Bəhailəri Mərkəzinin katibi Ramazan Əsgərli və “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov çıxış edərək, ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyənləşdirilməsini yekdilliklə pisləyiblər. Bildiriblər ki, adıçəkilən sənədlərdə Azərbaycandakı dini etiqad azadlığı ilə əlaqədar yer almış yalan-yanlış mülahizələri ölkəmizdə mövcud olan dini tolerantlıq mühitinə qarşı qərəzli kampaniya kimi qiymətləndiririk. Müxtəlif konfessiyaların nümayəndələri olaraq heç bir zaman Azərbaycanda dini zəmində qarşıdurma, qısnama, ayrı-seçkilik yaşamadıqlarını diqqətə çatdıran çıxışçılar ABŞ Dövlət Departamentini bundan sonra Azərbaycan gerçəkliklərini nəzərə alaraq obyektiv reaksiya və qərarlar verməyə səsləyiblər.