Sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və ölkəmizdə fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri Vətən şəhidlərinin Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər Parkında olublar.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası yolunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin tapşırığına əsasən, Anım Günü ilə əlaqədar olaraq ölkə ərazisində fəaliyyət göstərən məscidlərdə şəhidlərimizin xatirəsi anılıb, Qurani-Kərimdən ayələr tilavət edilib, namazlar qılınıb, əziz ruhlarına dualar oxunub. Dindarlar Vətənimizin azadlığı və bütövlüyü uğrunda savaşda yaralanan əsgər və zabitlərimizin tezliklə şəfa tapmaları üçün dualar edilib. Moizələrdə Zəfərlə başa çatan 44 günlük müharibənin tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun rəşadəti, Vətən sevgisi, şəhidlik və onun məqamı barədə geniş məlumat verilib. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi qeyd edilib.
Anım Günü paytaxt, eləcə də bölgələrdəki kilsə və sinaqoqlarda qeyd olunub. Allah şəhidlərimizə rəhmət eləsin!