Udilər 2500 illik tarixlərinə Qarabağda qovuşdular
Böyük Zəfər Qafqaz albanlarının dini varislərini də öz müqəddəs ocaqlarına qaytardı
«Əsrlər boyu udilər erməni zərbəsinə tuş gəliblər. Xalqımın dini, irsi, mədəniyyəti onlar tərəfindən mənimsənilib, nümayəndələri erməniləşdirilərək bizdən uzaqlaşdırılıb, özgələşdirilib.
Udi xalqı olaraq bizim yaşadıqlarımız dəhşətdir. Sərhəd tanımayan erməni saxtakarlığının, fitnəsinin nəticəsidir ki, Qafqaz Albaniyasının qədim dini varisləri olan udilərin sayı indi dünyada cəmi 10 mindən bir az çoxdur.
Erməni məkrinin qurbanlarına çevrilən xalqımın üzvlərinin varlıqlarını bu günə qədər sürdürə bilmələrinin yeganə səbəbi isə məhz minilliklər boyu Azərbaycanda var olan multikultural mühit, tolerantlıq şəraitidir…»
Orada bir məbəd var…
O, 2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsinin üzərindən cəmi bir həftə keçdikdən sonra — dekabrın 4-də həmin yurda üz tutmuş, təsvirəgəlməz xoşbəxtlik, qürur hissi ilə əcdadlarının tikib-qurduğu Allah evinə qovuşacağının xoş həyəcanına bürünmüşdü. Murovun sərt döngəli, qarlı, buzlu dolanbac yolları ilə müqəddəs məbədə yaxınlaşdıqca ürəyi quş kimi çırpınmış, bir anlıq gerçək həyatda, yoxsa xəyal aləmində olduğunu kəsdirə bilməmişdi…
Ancaq bir qərinəlik ayrılığın ardından Xudavəng monastr kompleksinə daxil olub orada şam yandırması, şəhidlərimizin ruhuna dualar oxuması, Tanrıya şükür etməsi ilə bütün bunların həqiqət olduğunu bir daha anlamış, istər-istəməz xoşbəxtlikdən gözləri dolmuşdu. Müqəddəs məbədin onilliklər boyu erməni vəhşiliyinə tuş gələrək dəyişdirilməsini, saxtalaşdırılmasını görməsi isə onun üçün həyatındakı ən böyük əzab olmuşdu.
«Baxdım ki, ermənilər məbədi «bərpa» etmək adı ilə memarlıq üslubunu dəyişiblər, tamamilə saxtalaşdırıblar. Monastrın girişində sağ və solda təzə daşlar qoyub üzərinə erməni xaçı yapışdırıblar. Amma dünya tarixində belə bir fakt yoxdur ki, kilsənin girişində hər daşın üzərində xaç olsun. Buna vandalizmdən başqa ad vermək olmaz».
«Biz qayıtdıq, Vətən!» rubrikasının qonağı Alban-Udi dini icmasının rəhbəri «Şöhrət» ordenli Robert Mobilidir. Mənsub olduğu udi xalqının erməni fitnəsi sayəsində necə ağır, sınaqlarla dolu həyat yolu keçməsindən, Vətən müharibəsi sayəsində öz dini irslərinə qovuşmalarından danışan Robert Mobili hazırda da niyyətləri Qarabağ və Şərqi Zəngəzurdakı Qafqaz Alban irsinə yiyələnmək olan dünya erməniliyinə qarşı apardıqları haqlı mübarizədən söz açdı.
Doğma vətənin səni viranə halda qarşılayırdı…
— Dünyanın çox yerlərini gəzmişəm, amma 30 ildən sonra ilk dəfə Xudavəngə ziyarətə getdiyim gün duyduğum hissləri heç zaman yaşamamışdım. Həmin hisslərimin sözlə ifadəsi indi qeyri-mümkündür… 2020-ci ilin dekabrında Murov yolu ilə düz 8 saat ərzində Xudavəng monastır kompleksinə gedib çatdıq. O zaman hələ yol düzəlməmişdi, hərbi avtomobillə tankların açdığı yolla gedirdik. Çox təhlükəliydi. Yolboyu ermənilərin Kəlbəcərdə törətdiyi vəhşiliklərə baxıb dəhşətə gəlirdim. Düzdür, Kəlbəcər möhtərəm Prezidentimiz İlham Əliyevin diplomatik siyasəti nəticəsində döyüşsüz azad edilmişdi, amma düşmən buranı tərk edərkən öz barbar əməllərindən qalmamışdı. Onlar gedəndə meşələri məhv etmişdilər, evləri yandırmışdılar, yenicə kəsilmiş ağaclardan «yaş» süzülürdü, sanki ağlayırdılar, yandırılmış evlər hələ də tüstüləyirdilər… Bircə dağlar yerində qalmışdı, düşmən qalan hər şeyi, təbiəti, yaşayış evlərini, infrastrukturu, tarixi, dini, mədəni irsi məhv etmişdi. Bu ürəkağrıdan mənzərələri görmək dəhşətli idi. Düşünün ki, doğma vətənin səni viranə halda qarşılayırdı. O qədər gözəl yeri nə günə qoymuşdular… Çox təsirləndim…
Xudavəngə çatanda kilsədəki rus keşişi yanımıza gəldi və mən ona hörmətimin ifadəsi olaraq müqəddəs kitabımız «Bibliya»nı hədiyyə etdim. Sonra gördüm bir erməni keşiş də gəlir (libasından tanıdım) müqəddəs kitabdan birini də ona verdim. Rus kilsəsinin keşişi kitabı götürəndə öpdü, amma erməni keşiş dərhal onu açdı (kitabın girişində bizim dildə «İvel girk», yəni «Müqəddəs kitab» yazılıb) və tipik erməni ləhcəsiylə rusca dedi ki, «ara, «girk» eto armyanskiy slova». Mən isə dərhal onun cavabını verdim ki, «girk» nə erməni, nə udi, nə alban sözüdür, bu təmiz yunan sözüdür». Yəni onlar burada da erməni xislətlərini göstərdilər…
Həmin vaxt Xudavəngdə iki erməni keşişi var idi, əvvəlcə onlar bizi içəri qoymaq istəmirdilər, təxribat yaratmağa çalışırdılar. Biz isə — icmamızın sədr müavini Rafik Danakari və mən onlara öz etirazımızı bildirərək dedik ki: «Buna heç bir haqqınız yoxdur. Biz öz evimizə gəlmişik…»
İlk dəfə Xudavəngdə kiçik kilsəyə getdik, ibadət etdik, şükür elədik, qəhrəman qazilərimizə cansağlığı dilədik, şəhidlərimizin ruhuna dualar oxuduq. Çünki məhz bu vətənpərvər Azərbaycan oğullarının sayəsində biz torpaqlarımıza dönə bildik, müqəddəs ocaqlarımızı ziyarət etdik. Xudavəng «Allahın evi» deməkdir. Biz hər zaman dualar edirdik ki, bu Alban kilsəsinin də qapısı açıq olsun. Amma o adamlar üçün ki, hansı ki onu tikənlərin dini davamçılarıdır, onu qoruyanlardır… Yəni Azərbaycan xalqı üçün, onu saxtalaşdıran, məhv edən ermənilər üçün yox…
Udilər də ana vətən uğrunda döyüşdülər
— İxtisasca geoloq olduğum üçün işğaldan əvvəl də dəfələrlə Qarabağ və Şərqi Zəngəzurda olmuşdum. Ərazidə işləyərkən bu yerlərdə olan Alban məbədləri diqqətimi çəkirdi, onlarla maraqlanırdım. Ata nənəmin (Təzəgül) babası David Mobili böyük din xadimi olub. Onun soyadının davam etməsi üçün familiyasını bizim nəslə veriblər. Anamın anasının nəsli isə tanınmış alban tayfalarından olan Məlikovlardandır. Onlar hamısı Nicdə doğulub böyüyüblər. Özüm şəcərəmizdən 5-6 nəsli tanıyıram.
Hələ sovet dönəmindən — dinin qadağan olunduğu dövrdən bilirdim ki, bu kilsələr alban kilsələri olub. Nənəm Təzəgül kommunist olsa da, daxilən dindar idi. Uşaq idim, görürdüm ki, o, evdə olanda xaç çevirir, dualar edir. Ümumiyyətlə, həmin zaman çox adamlar «gizli xristian», «gizli müsəlman» idilər. Eyni zamanda nənə-babalarımız bizə udilərin necə erməniləşdirildiyini, necə ağır zərbə altında qaldığını danışırdılar. Biz xalqımızın başına gətirilən bütün bu faciəvi hadisələri bilirdik. Təsəvvür edin ki, bu insanlar doğma kilsələrindən məcburən imtina edib öz ibadətlərini evdə aparıblar…
Ermənilər bizim kilsələrimizi əlimizdən alıblar, insanlarımızı erməniləşdiriblər. Dəqiq bilirəm ki, Qarabağda 11 kənd erməniləşdirilmiş udilərdən ibarət idi. Suqovuşan, Çaylı, Tuğ bunlardan bir neçəsidir. 10-12 yaşım vardı, xatırlayıram ki, nənəmlə Çaylıya həmin erməniləşdirilmiş udi ailələrindən birinin evinə getmişdik. Evin xanımı udi dilində danışa bilirdi, kişi isə yox. O artıq erməniləşmişdi… Yəni öz gözümlə erməniləşmiş udiləri görmüşəm…
44 günlük müharibə həm də tarixi düşmənlərimizdən qisas aldığımız hadisə kimi bizim üçün böyük məna daşıyırdı. Belə bir fakt göstərim. Rəqəm nisbətinə əsasən deyirəm ki, Vətən müharibəsində döyüşlərdə iştirak edən udilərin də sayı çox olub. Çünki əgər Azərbaycanda yaşayan ümumilikdə 3500 udidən 55 nəfəri müharibəyə könüllü gedibsə, bu, ölkə miqyasında götürəndə ən yaxşı göstəricidir. Özü də azsaylı xalqın nümayəndəsi, həm də xristian olaraq… Bax bu göstərir ki, udilər Qafqaz Albaniyasının varisi olan Azərbaycanın doğma övladları olaraq ana vətənləri uğrunda işğalçı düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparıblar, qazi olublar. Udi döyüşçülərin hər biri dövlətimiz tərəfindən medallarla təltif olunub.
Tarixin izi ilə…
Robert Mobili söhbət əsnasında udilərin qədim tarixi barədə də məlumat verdi.
— Udilər Qafqaz Albaniyasının ən qədim tayfalarından biri (onların qədim əcdadları uti adlandırılırdı) olub. Onlar barədə hələ 2500 il əvvəl Herodot «Tarix» əsərində məlumat verib. Marafon döyüşünü (m.ə. 490-cı ildə yunan-fars döyüşü) təsvir edən müəllif göstərir ki, fars ordusunda, XIV Satrapın tərkibində utilərin əsgərləri də vuruşurdular.
O cümlədən eramızdan əvvəl I əsrdə yaşamış Strabonun «Coğrafiya» əsərində Xəzər dənizi və Qafqaz Albaniyası haqqında məlumatda utilərdən danışılır.
Udi-uti sözünə isə termin kimi ilk dəfə Böyük Plininin (I əsr) «Həqiqi tarix» əsərində rast gəlirik. Ümumiyyətlə, bir çox qədim müəllifin əsərlərində onlarla bağlı məlumatlar var və həmin mənbələrdə bildirilir ki, utilər alban çarlığının yaranmasında mühüm rolu olan 26 tayfadan biridir. Azərbaycanın ərazisində yaranan ən qədim dövlət, e.ə. IV əsrdən VIII əsrin əvvəlinədək mövcud olan Qafqaz Albaniyası vilayətlərindən biri Uti adlanıb.
Udilər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər. Vll-VIII əsrlərdə ərəblər Qafqaz Albaniyasını işğal edərək əhalinin böyük hissəsinə, o cümlədən udilərə islam dinini qəbul etdirsələr də, onların bir hissəsi — Qarabağ, Şəki-Zaqatala bölgəsindəki dağlıq ərazilərdə yaşayanlar öz siyasi-mədəni birliyini, dilini, etnik mənsubiyyətini qoruya biliblər.
VII əsrdə ərəb xilafətinin icazəsi ilə alban kilsəsi erməni qriqoryan kilsəsinin tərkibinə daxil edilir. O zamandan etibarən, rəsmən alban katolikosunun qalmasına baxmayaraq, alban xristianlarının zorla erməniləşdirilməsi siyasəti aparılır.
1836-cı ildə Rus Pravoslav Kilsəsi və Rusiya idarəçiliyi alban katolikosunun taxtını və dəftərxanasını ləğv etdikdən sonra udi xristianlar erməni kilsəsinin tam təsiri altına düşürlər. Yalnız indiki Qəbələ və Oğuz rayonları ərazisində yaşayan udilər öz etnik mədəniyyətlərini və dillərini qoruyub saxlaya biliblər.
Hazırda dünyada 10 min nəfərdən çox udi var. Onlardan 4 minə yaxını Azərbaycanda, əsasən, Qəbələnin Nic qəsəbəsində, Oğuz rayonunda yaşayırlar. Xarici ölkələrdə yaşayan udilərin hamısının tarixi vətəni Azərbaycandır.
Azərbaycanda xristian mədəni irsinə sahib olan udilərin, o cümlədən alban tayfalarının birbaşa erməni kilsəsinin ixtiyarına verilməsində məkrli niyyətlər güdülürdü. Məqsəd Qafqaz Albaniyasının xristian mədəni təməli üzərində erməni icmasının gücləndirilməsi idi. Ermənilər ədəbiyyatı, dəftərxananı, dini ocaqları öz kilsələrinə uyğun dəyişdirməyə başladılar. Onlar özlərinə sərf edənləri tərcümə edib dəyişdirdilər, lazım olmayanları isə məhv etdilər.
Ermənilərin bura gəlmə yox, yerli xalq olması yalanına «həqiqi don» geyindirmək üçün Qarabağdakı Alban məbədləri saxtalaşdırılıb, onlardakı xaçlar oğurlanıb erməni qriqoryan xaçı ilə əvəz edilib.
Həmin dövrdə Çar Rusiyasının istəyi Azərbaycan ərazisində islam və xristian dinlərinə mənsub olan iki qütb yaratmaq idi. Ermənilərin mədəni irsə sahib olmalarına yalan üzərində şərait yaratdılar, «alban», «udi» sözünü isə terminologiyadan çıxartdılar. Bu zaman udilər özlərini qorumaq üçün fərqli bir yol seçdilər. Onlar erməni kilsəsinə gedib ibadət etmədiklərinə görə, özlərini qoruya bildilər.
Alban irsinə böyük diqqət və qayğı
— Azərbaycan müstəqillik qazandıqdan sonra udilərin həyatında xeyli müsbət dəyişikliklər olub. Ulu Öndər Heydər Əliyev azsaylı xalqların və dini icmaların, o cümlədən Alban-udi xristian dini icmasının hüquqlarının və mədəni-mənəvi dəyərlərinin qorunmasına daim xüsusi diqqət göstərib. Prezident İlham Əliyevin isə qayğısı sayəsində 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən olan Şəki rayonundakı Kiş məbədi, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən biri — Müqəddəs Yelisey adına Çotari kilsəsi bərpa edilib və icmanın istifadəsinə verilib. Son 21 il ərzində Azərbaycan Prezidentinin Nic qəsəbəsinə 3 dəfə səfər etməsi isə dövlət tərəfindən icmaya göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
Prezident İlham Əliyev dəfələrlə alban irsi məsələsini qaldırıb. Dövlət başçısı işğaldan azad edilmiş torpaqlara səfər edəndə alban kilsələrinə baş çəkir, onların bizim irsimiz olduğunu və dirçəldilməsinin vacibliyini vurğulayır. Bunlar sadəcə sözlər deyil. Bir vacib məqamı xatırladım ki, Nicdə yerləşən Müqəddəs Məryəm Ana alban kilsəsinin bərpa işləri pandemiyaya, 44 günlük müharibənin başlanmasına baxmayaraq, davam etdirilirdi. Hətta 2020-ci il noyabrın 7-də — Şuşanın azadlığından bir gün öncə kilsənin açılışı oldu. Kilsə Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə bərpa olunub.
2021-ci il mayın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Müqəddəs Məryəm Ana alban kilsəsində oldular. Həmin zaman cənab İlham Əliyev dedi ki, «Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz — həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz».
Bu böyük xoşbəxtlikdir ki, biz azadlığa qovuşandan sonra dəfələrlə Qarabağ və Şərqi Zəngəzura gedib qədim kilsələrimizi ziyarət etmişik.
Erməni xəbisliyinin yeni dalğası
— Kəlbəcərdə 35-ə, Xocavənddə 65-ə yaxın alban kilsəsi var. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində 200-ə qədər alban məbədi, monastrı, alban xristian kilsəsi ilə bağlı tarixi yerlər mövcuddur.
Nə islam dini gələndə, nə monqollar zamanı… alban kilsəsinə toxunulub, o öz statusunu saxlayıb, ta ki 1836-cı ilə qədər. 30 il ərzində isə Qarabağ və Şərqi Zəngəzurda erməni işğalçıları tərəfindən Qafqaz Albaniyasına məxsus irs dağıdılıb. Onların bir çoxu da ermənilərə sərf edən formada dəyişdirilib. Alban irsinin bölgənin tarixi baxımından əhəmiyyətini dərk edən ermənilər istər işğal illərində, istərsə də ondan əvvəl onu özlərinə bağlamaq və Azərbaycan torpaqlarına iddialarını bu amillə gücləndirmək üçün xeyli saxtakarlıqlar ediblər. Saxtakarların səyi ilə Qafqaz Albaniyasının və alban kilsəsinin irsinə aid olan bir çox şey mənimsənilib və ən acınacaqlısı isə budur ki, ermənilərin səyləri ilə beynəlxalq səviyyədə erməni irsi kimi qəbul edilib.
Hazırda isə vəziyyət ondan ibarətdir ki, ermənilər müharibədə məğlub olduqlarını özləri də artıq etiraf edirlər. Onlar Azərbaycan torpaqlarının əllərindən çıxdığını və geri qaytara bilməyəcəklərini anlayırlar. Məhz bu səbəbə görə Azərbaycan ərazisində erməni kilsəsinin hüquqi (kanonik) ərazisini saxlamaq istəyirlər. Onlar artıq torpaq əldə etmək üçün yox, alban irsinin erməniləşdirilməsi üçün çalışırlar. Çünki bu, gələcəkdə onlara Azərbaycana qarşı yenidən ərazi iddiası üçün zəmin yaradacaq. Onlar Qarabağdakı alban irsinin «Erməni Apostol Kilsəsi»nin irsi kimi təsbit edilməsini istəyirlər. Ancaq erməni kilsəsi həmişə Qriqorian olub və heç vaxt Apostol (alban kilsəsi qədim Apostol, müstəqil (avtokefal) şərq kilsəsidir. Bu kilsələrə Birinci Həvarilərin kilsəsi də deyilər) olmayıb. Yalnız SSRİ-nin dağılmasından sonra, yəni 1991-ci ildə Apostol kilsəsi olmağa başlayıb. Yəni bu mənada biz hələ də ermənilərlə müharibə aparırıq.
Buna görə də bu gün bizim yaxşı arxeoloqlara, tarixçilərə ehtiyacımız var ki, həmin irsi dərindən araşdırsınlar. Vatikandan olan bir jurnalistlə bu yaxınlarda Qarabağa gedib alban kilsələrinə baş çəkdik. O, bununla bağlı dörd məqalə hazırladı. Birinci məqalə çap olunandan sonra ermənilər böyük hay-küy qaldırdılar, məsələni səfirliklərdən tutmuş, Papaya kimi qaldırdılar ki, bu məqalə niyə yazılıb?!. Yəni ermənilər dünyada bizə qarşı belə ciddi təzyiqlər göstərirlər.
Buna görə qətiyyətli addımlar atmalıyıq, dünyada tanıtmalıyıq ki, alban irsi, əslində, bizimkidir. Həmçinin kilsənin statusu bərpa olunmalıdır. Xristianlığın öz qanunları var. Kilsənin metropolu olmalıdır ki, o kiməsə xeyir-dua versin. Bizim kilsələrin axırıncı metropolu Sergey Qanzasarski olub, onu öldürüblər. İndi bizdə din xadimi təyin etmək üçün müəyyən bir xeyir-dua prosesinə (xirotoniya) ehtiyac var. Hazırda onu icra edə bilmirik. Çünki bizdən qabaq olan din xadimi yoxdur deyə, bu ardıcıllıq pozulub.
Bu baxımdan alban kilsələrinə təyinatlar olmalıdır. Azərbaycan İlahiyyat İnstitutunda Xristianlıq fakültəsi açılıb. Artıq 18 nəfər nicli gənc həmin fakültəni bitirib. Gələcəkdə onları kilsələrə din xadimi təyin etmək istəyirik.
«Udilərin ermənilərlə sadəcə din yaxınlığı var, başqa heç nə…»
— Bir xüsusi məsələ də odur ki, biz Qarabağ və Şərqi Zəngəzurdakı alban kilsələrini «doğmalaşdırmalıyıq». Aparılan saxta siyasət nəticəsində illər idi ki, udiləri erməni kimi tanıyırdılar. İctimaiyyətə xaç və kilsəni, ümumiyyətlə, xristian anlayışını ermənilərinki kimi qəbul etdirmişdilər. Yəni xaç gördünsə, demək, erməninindir. Bilirsiniz bu nə deməkdir?!. Bu faciədir!
İndi din xadimləri işğaldan azad edilən ərazilərə köçən insanları məlumatlandıracaqlar ki, bunlar erməninin deyil, bizim kilsələrimizdir. Xatırlayıram, Nicdə kilsə açılanda əvvəlcə ora yalnız udilər, bir də əcnəbilər gəlirdilər. Lakin getdikcə yerli əhali də böyük maraqla həmin kilsələri ziyarət etməyə başladı. Qarabağ və Şərqi Zəngəzurda da belə olacaq.
Vətən müharibəsi başlayanda ermənilər öncə buna din donu geyindirmək istəyirdilər, sonra milli təfriqə salmaq niyyətinə düşdülər. Ancaq heç cür bacara bilmədilər. Udilər də, Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri də, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər biri işğalçı Ermənistana qarşı qəhrəmanlıqla döyüşərək torpaqlarımızı düşməndən azad etdilər.
İndi isə onlar görürlər ki, alban-udi xristian icması güclənir, ona görə də bu yaxınlarda Ermənistanda «Alban-udi xristian icması» yaradıblar. Bir xanımı da onun rəhbəri qoyublar. İstəyirlər ki, o, mənimlə əlaqə saxlasın. Onlara dedim ki, «həmin xanımla o zaman əlaqə saxlayaram ki, o mənimlə öz ana dilində danışsın. Əgər dediyiniz kimi «icma»da 200 nəfər udi varsa, istəyirəm ki, onlar öz ana dillərində danışsınlar. Əgər belə olarsa, çəkinmədən onlarla görüşə gedərəm, onları da bura dəvət edərəm». Amma bilirəm ki, yoxdur… Mənə deyirlər ki, «onlar udidir, amma dillərini unudublar». O zaman cavab verirəm ki, «əgər dilimizi bilmirlərsə, demək ermənidirlər». Səsləri çıxmır. Udilərin ermənilərlə sadəcə din yaxınlığı var, başqa heç nə. Nə millət, nə dil… Tək bir dənə də sözümüz yoxdur ki, onlarınkı ilə eyni demirəm, heç olmazsa oxşar olsun…
Onlarla «yaxın», «qardaş» olmağımızla bağlı uydurmaları isə ermənilərin özlərinə sərf edən siyasətdir. Bizim irsə yiyələnmək kimi murdar niyyət güdürlər…
Bəli, nə yazıq ki, «böyük Ermənistan» xülyasına düşərək əsrlərdir torpaqlarımıza göz dikən və xalqımızın başına müsibətlər gətirən faşist ideologiyalı ermənilərin qəddarlıqla qurbanlarına çevirdikləri və azsaylı xalqlardan birinə döndərdikləri udilər hələ də erməni məkrinin hədəfindədir.
Ancaq necə ki 44 günlük müharibə və 23 saatlıq antiterror tədbirləri sayəsində Qarabağ və Şərqi Zəngəzurdakı Alban dini irsi barbarlardan xilas edildi, Qafqaz Albaniyasının dini varisləri udilər də indən sonra da Azərbaycanda varlıqlarını sürdürərək ermənilərə gözdağı olacaqlar.
Yasəmən MUSAYEVA,
«Azərbaycan»