Verilişin budəfəki qonaqları Alban-Udi Xristian İcmasının sədri Robert Mobili və Azərbaycan Protestanları İcmasının və Müqəddəs Bibliya Xristian Cəmiyyətinin sədri Rasim Xəlilov idi.
Bu il bütün dünya xristianları, o cümlədən ölkəmizdə yaşayan xristian vətəndaşlarımız Pasxa bayramını aprel ayının 20-də qeyd edəcəklər. Builki bayramın mühüm cəhəti ondan ibarətdir ki, bütün xristian məzhəblərinə görə (katolik, pravoslav, protestant), Pasxa bayramı eyni günə təsadüf edəcəkdir. Məlum olduğu kimi, Pasxa bayramının gününün təyin edilməsi məsələsi xristian məzhəblərinə görə fərqlənir. Belə ki, Qriqori təqviminə əsaslanan Qərb xristianlığı Pasxa bayramını 22 mart — 25 aprel aralığında, Yuli təqviminə əsaslanan Şərq xristianlığı isə 4 aprel — 8 may aralığında qeyd edirlər.
Xalq arasında «Qızıl yumurta bayramı» kimi tanınan Pasxa bayramına həsr etdiyimiz verilişdə, dəvət etdiyimiz qonaqlarımızla aşağıdakı mövzuları müzakirə etdik:
— Pasxa bayramının tarixi və inkişaf mərhələləri;
— Pasxa bayramının fəlsəfi-teoloji mahiyyəti, adət-ənənələri və dini ritualları;
— Pasxa bayramının qeyd edilməsi ilə bağlı Qərb və Şərq xristianlığı arasındakı ümumi və fərqləndirici elementlər;
— Azərbaycanda müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasında mövcud olan tolerant və dinc birgəyaşayış mühiti, habelə multikulturalizmin Azərbaycan paradiqması.
Veriliş cümə günü, 18 aprel 2025-ci il saat 15:00-da İctimai TV-nin efirində yayımlanacaq.