İyunun 25-də Azərbaycanın Almaniyadakı Səfirliyinin və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Müxtəliflikdə birlik: dialoqda dinlərarası sədalar” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev, Almaniyada fəaliyyət göstərən dini və ictimai qurumların nümayəndələri, diplomatlar, ictimai xadimlər iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, dünyəvi və multikultural bir ölkə kimi Azərbaycan dinlərarası dialoqa böyük diqqətlə yanaşır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət dini azadlıqların qorunmasını və multikultural dəyərlərin təşviqini daxili siyasətin və beynəlxalq əlaqələrin əsas elementlərindən biri kimi qəbul edir.
