Qəbələdə “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda konfrans keçirilib
Dekabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda “Dini müxtəliflik və suverenlik: tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Komitəsinin Şəki regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin İsmayılov çıxışında bildirib ki, multikulturalizm müasir Azərbaycanda uğurlu dinlərarası dialoq üçün zəmin yaradır. P.İsmayılov vurğulayıb ki, Azərbaycanda dövlət-din münasibətləri milli-mənəvi dəyərlərlə yanaşı, həm də multikultural dəyərlərə əsaslanan azərbaycançılıq ideologiyası kontekstində tənzimlənir.
Azərbaycanın bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsi olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə bildirib ki, bu ənənənin dərin tarixi kökləri mövcuddur. Şöbə müdiri onu da qeyd edib ki, ölkəmizdə din sahəsində aparılan siyasət fikir, söz və vicdan azadlığı üzərində qurulub. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsip və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.
Qəbələ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Pərviz Ağayev vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dini tolerantlığın inkişafına ölkəmizin yerləşdiyi coğrafi ərazi, əhalinin milli-etnik və dini tərkibi mühüm təsir göstərir. Tolerant dəyərlərə bağlılıq respublikamızda yaşayan insanların həyat tərzini səciyyələndirən xüsusiyyətlərdən biridir.
YAP Qəbələ rayon təşkilatının əməkdaşı Vüsal Məmmədov, şəhid atası Cəlil Səfərçinov, Vətən müharibəsinin iştirakçıları, qazilər Müşviq Paşayev və Bəhram Nuriyev, Qəbələ şəhər “Cümə” məscidinin imamı Saleh Şirinov, eləcə də Mirzəbəyli kənd məscidinin imam müavini Araz İbrahimli diqqətə çatdırıblar ki, Azərbaycanda bütün dinlərə məxsus ibadət yerlərinin sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Dövlət qurumlarının məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, din xadimləri, dini icma sədrləri və gənclərin iştirak etdiyi tədbirdə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış “Həmişə bizimləsiniz!” adlı videoçarx nümayiş olunub.
