ZATİ-ALİLƏRİ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm cənab Prezident!
Azərbaycandakı dini konfessiyaların Məşvərət Şurası olaraq Cənabınızı yeni 2026-cı ildə səmimi qəlbdən salamlayır, Sizə və ailənizə ən xoş arzu və xeyir-dualarımızı yetiririk.
Zati-aliləri! Yeni ilin ilk günlərində Azərbaycan dini icmalarına nümayiş etdirdiyiniz yüksək diqqət və qayğıya, əməli dəstəyə görə dərin ehtiram və minnətdarlığımızı ifadə etməkdən böyük şərəf duyuruq.
Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycanın həyatın bütün sahələrində uğur və nailiyyətlərinin müəllifi olan Cənabınızın dini-mənəvi sahəyə yüksək dəyər kəsb edən ənənəvi himayəsi, maddi-mənəvi dəstəyi Uca Yaradanın Nəzərində bəyənilən əməl olub, bütün dünya üçün gözəl nümunədir. Ulu Öndər Heydər Əliyevin başlatdığı uca mənəviyyat yolunu zirvələrə qaldıran Zati-aliləriniz Azərbaycan dövlətinin milli-mənəvi və ümumbəşəri-multikulural dəyərlərə əsaslanan dövlət siyasətini beynəlxalq müstəvidə möhkəmləndirməyə nail olmuş dünyamiqyaslı qətiyyətli lider, müdrik dövlət xadimisiniz.
Biz, Azərbaycandakı dini konfessiyaların başçıları, Sizin şəxsiyyətinizlə, ölkədaxili və bəşəri əhəmiyyət kəsb edən qərar və təşəbbüslərinizlə fəxr edir, dünya müstəvisində qazandığınız etimad səviyyəsi ilə qürur duyuruq. Azərbaycan Sizin öndərliyinizlə müdrik dövlət idarəçiliyi nümunəsi ilə göstərir ki, ənənəvi dəyərlərə ehtiram, multikultural irs və dinc yanaşı yaşamaq mədəniyyəti sayəsində dövlətlər necə böyük zəfərlər qazana, xarüqələr yarada bilərlər. Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-alilərinizin rəhbərliyi ilə qazandığımız Böyük Qarabağ Zəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi-diplomatik müstəvidə Vaşinqton Sülh Zirvəsində üçtərəfli çərçivə sazişinin imzalanması, Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə edilməsi kimi tarixi əhəmiyyətli zəfərlər bəxş etməkdəsiniz. Dünyada mənəvi dəyərlər sistemində yaşanan böhranlar, etnik, dini, irqi zəmində qarşıdurmalar, hökm sürən ksenofob düşüncələr müqabilində Azərbaycan öz dini-mənəvi harmoniya mühiti, dinlərarası dostluq və qardaşlıq, məzhəblərarası anlaşma mədəniyyəti, multikulturalizm modeli ilə bir dan ulduzu, düzgün yol göstərən mayakdır. Bu mayakın işığına qüvvət verən Sizin təfəkkür və əməllərinizdir, cənab Prezident! Sizin mənəvi irsə, dini məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alilərinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir. Əminik ki, Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi qədim mədəni-mənəvi abidələrimizin, dünya əhəmiyyətli dini məbədlərimizin milli memarlığın çoxəsrlik zəngin, parlaq ənənələrinə uyğun bərpa və yenidənqurulması, yenilərinin inşa olunması işinə dəyərli töhfələrini verəcəkdir, inşallah.
Zati-aliləri! Əmin ola bilərsiniz, Azərbaycan din xadimləri, bütün dindarlar hər zaman Zati-alilərinizin yanındadırlar, Sizin müdrik daxili və xarici siyasətinizi dəstəkləyirlər və duaları həmişə Sizinlədir. Azərbaycan xalqı və dövləti naminə fədakar fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən öndərimiz, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan müzəffər liderimizin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Uca Allah hər zaman Zati-alilərinizi zirvələrdə qərar versin!Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür PAŞAZADƏ
Qafqaz Müsəlmanları İdarəsinin sədri
ALEKSİY
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan yepiskopu
Vladimir FEKETE
Roma Katolik Kilsəsinin
Azərbaycandakı Apostol prefekturasının ordinarisi
Milix YEVDAYEV
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Aleksandr ŞAROVSKİ
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert MOBİLİ
Alban-udi Xristian Dini İcmasının sədri
Zamir İSAYEV
Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri

