Ermənilər Qafqaz Albaniyası irsini mənimsəməyə çalışırlar — Robert Mobili


14 июля 2026 | Видео


«Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi» İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən «Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək» layihəsi çərçivəsində hazırlanan «Multikultural Azərbaycan» podkastının növbəti buraxılışı Azərbaycanda yaşayan udilərə həsr olunub.

Bu buraxılışın qonağı Azərbaycan Alban-Udi Xristian İcmasının sədri, geoloq alim və ictimai xadim Robert Mobili olub. Verilişdə Azərbaycanın qədim xalqlarından biri olan udi icmasının tarixi, dini və mədəni irsinin qorunması, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət, eləcə də müasir dövrdə informasiya müharibəsi və dezinformasiyanın yaratdığı təhlükələr geniş müzakirə edilib.

Robert Mobili Azərbaycan Alban-Udi Xristian İcmasının fəaliyyət istiqamətləri, alban-udi irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə görülən işlər barədə ətraflı məlumat verib. Müsahibədə Azərbaycanın dünyaya nümunə göstərilən multikulturalizm modelinin udi icmasının gündəlik həyatında necə təzahür etdiyi, müxtəlif dini və etnik icmalar arasında qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinin əhəmiyyəti xüsusi vurğulanıb.

Podkast zamanı dövlətin dini və etnik icmalara göstərdiyi dəstək, bu sahədə həyata keçirilən layihələr və onların cəmiyyətin inkişafına verdiyi töhfələr də diqqət mərkəzində olub. Qonaq, həmçinin sosial şəbəkələrdə və internet platformalarda udi xalqının tarixi, dini və mədəni irsi ilə bağlı yayılan bəzi saxta məlumatların yaratdığı təhlükələrdən danışıb, virtual məkanda nifrət nitqinin və etnik qarşıdurma çağırışlarının qarşısının alınmasının vacibliyini qeyd edib.

Müsahibədə Ermənistanın Qafqaz Albaniyası irsini saxtalaşdırmaq və mənimsəmək cəhdləri, bu təxribatlara qarşı beynəlxalq ictimaiyyətə çatdırılan mesajlar, tarixi həqiqətlərin qorunmasının əhəmiyyəti və informasiya mübarizəsində düzgün faktların roluna da geniş yer ayrılıb.

Robert Mobili hesab edir ki, gənclərin media savadlılığının artırılması, sosial mediada yayılan dezinformasiyanın vaxtında müəyyən edilməsi və etibarlı mənbələrə əsaslanaraq düzgün informasiya əldə edilməsi etnomədəni sabitliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. O, bu prosesdə jurnalistlərin, media qurumlarının və vətəndaş cəmiyyətinin üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayır.

Verilişdə müxtəlif dini və etnik icmaların virtual məkanda birgə maarifləndirmə layihələri həyata keçirməsinin cəmiyyətin həmrəyliyinə və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etdiyi bildirilib. Bununla yanaşı, «Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək» layihəsinin məqsədləri, əhəmiyyəti və gözlənilən nəticələri barədə də ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Robert Mobili Azərbaycanda alban-udi irsinin qorunması və dini-mədəni dəyərlərin təbliği sahəsində uzunmüddətli fəaliyyətinə görə 2014-cü ildə «Şöhrət» ordeni, 2015-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin «Fəxri Diplomu» ilə təltif olunub.

https://multikultural.az/az/read/1583/?fbclid=IwZXh0bgNhZW0CMTEAcGRvZgFzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeR7Sli4vYSdH7xI_aO29miBJC23bzBiQliVWKD1S_Fc37sI3ZaYPc-nnbtoY_aem_kAs61RN2S7aasurzY3N0bQ

Албано Удинская Христианская Община





Контакты

Габала, Нидж

udi@udi.az

www.udi.az

Copyright © | 2026